HUMAYIN ŞEİRLƏRİ

Səhərlər soyuq qreypfrut yeyib sərin Pinot Grigio içən qadın olmaq istəyirəm

Elə bir qadın ki, uğur onu soyuğun və yad baxışların adamı tutduğu asanlıqla yaxalasın

Günəşin qırmızı-narıncı şəfəqlərinə oyanmış şəhərə yetişən bir qadın olmaq istəyirəm

Qatarda, pəncərə tərəfdəki oturacaqda, yüngül qafa, pərvazlanan ruh, amma yorğun ayaqlarla

Bütün gecəni Nina Simone dinləyərək rəqs etmiş.

Divarımdakı şəkildən görünən dişi aslan kimi nəfis

Okavango Delta, Botsvanadakı mövsümi seli

Qətiyyətlə yarıb keçən, əzəmətli.

Mətbəxdə Oz Sehirbazı kimi bir qadın!

O qadının ki, əlinin altındadır qab-qazan, çaydan, xəmir və Fransız reseptləri güman ki, Çin reseptləri də eləcə.

Elə bir qadın ki, ədvalar inqilabını xalqlar inqilabı tək ram etsin.

Axı, hər şeydən əvvəl bütün həyatını yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirmiş bir quş adıdır adım: Huma.

İngiliscədən tərcümə edən: Türkər Qasımzadə

20 Yanvar

Təmtəraqlı şerlər yazılmışdı

“qan damırdı qərənfillər…” qəbilindən.

Bütün gecə qəbirlər qazılmışdı.

Gənc ikən gedənlər üçün

dayaz və tənhaydı məzarlar...

Nitqlər deyilmişdi bu qəbirlər üstündə

Böyük-böyük, bəlağətli sözlər dolu:

“Biz heç vaxt...”

“Biz həmişə...”


Amma yenə

Heç nə

Heç bir söz

anlatmaz anamın

20 Yanvarın

sübhündəki göz yaşlarını

qüdrəti çatmaz sözün

anlatsın

o milli oyanışı,

o qəzəbi, qubarı

geniş, dərin

hər nəsnəni ağuşuna alan

bir okean kimi-

elə bir okean ki,

qarşısında hər nə var

silib süpürər, atar

arxada qoyduğu yalnız

birər-birər

yandırılmış Kommunist partbiletlərinin

ərşə qalxmış tüstüsü,

bu tüstüylə

yetmiş illik bir tarixin

ilim-ilim itməsi,

bitməsi!

2011

Qəfil necə də nimdaş, yorğun və tozlu dəyirsən gözümə.

Tələsik yır-yığış edən, səninlə ən tez bir vədədə vidalaşmaq istəyən,

Dilxor və narahat bu adamlar ki var

Sən

Nə ev, nə maşın,

nə də

boy-buxunlu, ürəyi də cibi qədər geniş sevgili vermisən onlara…

“Sic transit gloria mundi”*, deyib köks ötürürsən

Yaxşı, keç əyləş mənimlə masamın arxasında.

Pinot Noir ya Merlot içəcəksən?

(Agah ol ki, Dom Perignon şampanı təşkil etməyim

çətin məsələdir. Bir də, qeyd ediləcək bir şeymi var?)

Yandır siqaretini

(Mən də özümü o yerə qoyum ki, çəkə bilirəm guya

Sənə züy tutmaq üçün

Amma mənimlə çəkənlər bilir

Necə ümidsiz, vecsiz bir özfəaliyyətdir mənimki.

Siqaret çəkməkdən çox

Gözlərimin verdiyi

Dumanlı, tənbəl, uzağa tuşlanmış ifadəmədir meylim.)

“Bəs heç olmasa sənə

Verdimmi istədiyini?” soruşursan.

İnsanlar yaman naşükür,

Şıltaq, amma yenə də sevimli

haramzadalardır.

Əbədiyyən və ümidsizcəsinə ümidli.

Əzizim, mənim tək tanəm, qəmgin kökəm – tərk edilmiş 2011.

Və biz yenə də çəkirik səninlə,

sən də deyirsən ki,

Ekonomik və maliyyə çöküşü

Sosial inkişafın qəfil sönüşü

Təbiətin fəlakətlərlə döyüşü

Bizi məftun edəcək adamların yoxluğu sənin günahın deyil.

Həm də soruşursan,

Necə oldu, hara itdi hamı üçün ədalət?

Soruşub yox olursan gecənin zülmətində.

(Tom Waitsin və Leonard Cohenin kədərli

Və melanxolik mahnıları kimi. Həmin 3 AM radələrinin

Həssaslığı və

Yol qırağındakı blyuz barında içilmiş çox keyfiyyətsiz viskinin

Yuyub apardığı zərif boğazda ilişib qalmış paslı mismarlar –

səni xatırladar.)

Gəl, daxil ol 2012.

ən gözəl Yunan allahları kimi rövnəqli,

Qızıl yaylı, qızılı qıvrım saçlı Apollo.

Başgicəlləndirən imkanları,

Sonsuz mümkünlükləri

Cürət və aydınlığı ilə.

Sakit

amma qüvvətli və dərin,

Ölkəmin dağ çayları təkin

Büllur, təbii, və coşğun

Daha da füsunkar, dolğun

dünyaya axıb yetişən.

(Bax indi əziz dost,

o olmayan 500 dollarımı da xərcləyib

Sənin şərəfinə tost demək üçün

Dom Perignon alımmı?)

Öpür dodaqlarımı

əllərimi

təhərsiz çəkilmiş əl və

onlardan da betər ayaq dırnaqlarımı.

Qırmızı İkea divanımda əyləşir,

Ayağını ayağının üzərinə aşırıb

Dəcəl-dəcəl nəşəli göz vurur mənə.

Siqaret yandırmaq istəyir.

“Dayan” deyirəm.

“Çəkmək yoxdur. Gəl bu zehniaçıqlıqda,

aydınlıqda və alatoranda oturaq biraz.”

Elə də edirik.

2012 və mən.

Yeni doğulmuş körpə beyni misalı, boş.

Və eləcə həyata başlamaq üçün

ac.

*”Sic transit gloria mundi”. – Latınca “Beləcə ötüşür dünyanın şan-şöhrəti, əzəməti” mənasındadır.

Nyu-Yorkun mümkünsüzlüyünü sevmək...

“İnsanlar həmişə elə özlərini yazırlar”- dedi Coş. Bunu deyərkən ucları sivri çəhrayı kovboy çəkməli ayağlarını qarşısındakı mizin üstünə qoymuşdu – nənəmin Amerikalılar barəsində gileyləndiyi tipik rəftar nümunəsi ilk dəfə idi ki düz gözümün önündə peyda olmuşdu. Mühit də tam yerinə düşmüşdü sanki - Nyu York, yaradıcı yazarlıq üzrə aspirantura proqramı, mənə də ayrılmış ötən iki həftədəki yazdığım mətnin müzakirəsi üçün cəmi yarımca saat. Buna qədər Nyu Yorka artıq üç həftə idi ki, gəlmişdim, dərslərim isə iki həftə olmazdı ki, başlamışdı. Vaxtaşırı “Xoşuna gəlirmi?” - deyə soruşurdular. Həqiqətdə isə əksi idi. Yaşamaq üçün öz yer-yuvam yox, günlərlə kilometerlərlə yolu piyada və metro ilə get-gəl, metro xətləri üzərindəki qaçışan-civildəşən siçovullar məni adi çirginmək hissindən daha dərin bir çarəsizlik və ümidsizliyə qərq edirdi. Tapdığım otaqlar – studiya tipli mənzil fikrindən elə o dəqiqə vaz keçmişdim, – dar, qaranlıq, havasız, və cazib deyildilər. Öz otaq idealıma xəyanət etmək istəmirdim. Elə bilirdim bu güzəştə getsəm hər şey bundan başlayacaq, və bu mənim şəhərdə ola-ola şəhərin özünə etməli olacağım sonsuz sayda güzəştlərin ilki olacaq. Nyu Yorkda isə gərək mümkünsüzlüyü sevəsən, daha ümidsizliyi yox. “Düzünü de, bu məsələləri, yəni yaxşı yazmağı öyrətmək olurmu bəyəm?-Çoşdan soruşdum. “Istedadı öyrətməyin mümkün olduğunu deyə bilmərəm, amma texnikanı, bəli, sözsüz.” Proqramdakı tələbələr çox cavan, çox ağ-dərili, çox Amerikan idilər. Bəzi seminarlarda su butulkaları, yoğurtlar, qranola şüşələri, almalar, bananlar, kiçik dənizkələmi, qoz və yunan pendirli salat konteynərləri stolun üzərində pərən-pərən olurdu. Yaxşı mətnlər yazan adam bu qədər sağlam olmaz, deyirdim öz-özümə. İçlərində Fransız oğlan, iki İsrailli, bir Venesuelalı qız, Çinli-Amerikan başqa bir qız, və Şri-Lankalı-Amerikan var idi. Fransız oğlan Simonun qüsursuz ingilis ləhcəsi vardı, özü də çox oxumuş, bilikli idi. Məndən Svetlana Alekseyeviçi Rusca oxumuşammı deyə soruşdu. Dedim ki, yox, oxumamışam. Qayıtdı ki, mən Türkiyəli jurnalist Ece Temelkurana bənzəyirəm, onun kimi danışıram, hətta jestlərim də onunkudur. Google’a verdim bu Eceni görüm heç gözəldirmi... İsrailli qız, Didi mistik və özünə qapanmış dəyirdi gözümə, onun yazdıqlarını oxumaq çox çəkirdi marağımı. “Nədir axı bu hekayələri sənin gözündə yaxşı edən” – soruşdum Coşa. Ardınca da “biləsən ki, kompliment ovuna çıxmamışam” deyə əlavə etdim. “Bax,” Çoş dedi. “Buradakıların çoxu elə bilir ki, onlarla nə baş verirsə bu çox vacibdir və yazılmağa layiqdir. Sən isə elə bil dünyada nəyin əslində daha üstün və vacib olduğunu bilirsən. Bir də sənin deyəcəyin elə şeylər var ki, çoxunda onlar yoxdur.” Metroya üç uşaqlı qadın daxil oldu. Oğlanlar totuq amma solğun idilər, gözlərinin çuxurunda dərin halqalar vardı. Birinin əlində Kola butulkası, digərində ucuz şirni. Qadın sərxoş idi, səndələyirdi, güman ki, ciddi narkotikdən təmizlənmə əməliyyatından keçməyin nəticəsi idi. Oğlanların ən kiçiyi ona tərəf bağıraraq nəsə istədi. “Yox! Yox! Sən sabah mənimlə gəlmirsən! Mənə yalnız özümlə özümə ayıracağım vaxt lazımdır!” deyə o da çığırdı. “Öz vaxtım!”. Bir əli ilə vaqon dirəyindən yapışmışdı, o biri əli ilə üzündəki çoxsaylı qara ləkələri qəzəblə qaşıyırdı. Əli əmziklərini qaşımağa doğru endi. Büstqalter taxmadığı bəlli idi. Nəhayət ki, vaqonda oturmağa yer boşaldı, əyləşdi, anındaca həmin balaca oğlan da onu qucaqlamağa tələsdi. İtələdi onu. “Get burdan! GET BURDAN!” Uşağın heç tükü də tərpənmədi sanki. Cəld ətrafımdakılarla göz-gözə gəlib, başımı nümayişkaranə yelləyib şikayətlənmək istəyirdim ki, gördüm hər kəs iPhone ekranlarına yapışıb musiqi dinləyir. Qadınla gələn oğlan uşaqları məlahətlə göyərçin balaları kimi “Anacan, anacan…” deyə-deyə civildəşirdilər. Bu mənzərəni görcək düşündüm: Budur - əlahəzrət sevgidir qarşımızda, hökm edən də odur, ən ali də odur, və qeyd-şərtsiz şəkildə özünü büruzə verən də. Əlbəttə, bunu yazmaq vacibdir, deyə düşündüm. “Həm də, sən sürətini yavaşıdanda, təhkiyəni idarə edəndə gözəl detallar üzə çıxır” – dedi Çoş. Üç həftədir axtarışdaydım. On il əvvəl kommunikasiya belə ani baş vermirdi. Mənzili internetdə seçməklə, sahibinə yazmaq və gəlib yerində baxışdan keçirmək arasında müəyyən bir vaxt keçirdi. İndi isə Qaraçı Evlər Feysbuk səhifəsini hər dəqiqədən bir yeniləməli idin ki, sərfəli təklif görən kimi mesajı hamıdan birinci göndərəsən. Cəmi bir neçə saata ən yaxşılarının altında 50-60 şərh görmək olurdu. Bu sərasər, faydasız mənzil ovlama oyunu məni yaman əldən saldı. Bruklin Kitab Festivalında Conatan Safran Foerə (oxumamışam onu) “Yaxşı həyat nə deməkdir?” sualını verdilər. Dedi ki, hardan bilsin, amma öz yeni kitabı “Bu Da Mən”in başlığı haqqında mülahizələr etdi biraz. “Genesisdə Tanrı İbrahimə oğlunu qurban vermək əmri verəndə, İbrahim “Mən varam” deyir. Isak da qurban tonqalına gedən yolda atasını çağıranda İbrahim yenə “Mən varam” deyir. Beləliklə deyərdim ki, varolmanın bir yanı da elə bu günahsız, qeyd-şərtsiz iştirak etmədir öz həyatında” Conatan dedi. Özümü bir otaq gələcək yazıçı yığını ilə çox da rahat hiss etmirəm. Əgər belə bir otaq doğrudan da varsa, bu Bolanonun təbirincə bədiiyyatı yarımçıq, səbatsız Parisdə bir kafe olar yəqin. Yazdığım abzaslara baxıram ki, necə də tez bir şəkildə bir neçə obrazdan sitatlar gətirmişəm – Foer, Tanrı, İbrahim, Bolano. “Gündəliklərini yazanda həmişə Yəhudi sualını ver” – dedi Coş. “Nədir bu Yəhudi sualı?” – soruşdum, görəsən Coş yəhudidirmi düşünərək. “Bu gün fərqli olan nədir?” – dedi. Bu gün nəhayət ki, yerimi tapdım – işıqlı, böyük, sakit, və güzəştlərsiz bir otaq. Bu həqiqətdir. Amma Hari, başqa bir professorum da yəqin deyərdi ki, belə təmiz sonluqlar çeynənmiş, bayağıdır. Ona görə gəlin hamımız Yəhudi sualı ətrafında daha bir nəhayətsiz an götür-qoy edək.

İngiliscədən tərcümə edən: Türkər Qasımzadə

Bir dəfə Şirokinoda

Şirokinoya o unudulmaz səyahətlə bağlı heç bir qeydim qalmayıb. İndi yadıma düşənlər isə çox natamam, qırıq-sökükdür. Hətta mənim kimi huşsuz adam üçün də beş ildən bəri yaddaşımın künc-bucağında ilişib qalan dağınıq xatirələr bir möcüzə təsiri bağışlayır. Həm də Şirokinoda gəzdiyimiz yerləri asanlıqla unutmaq mümkün deyil. Robert Capa deyir ki, əgər çəkdiyin şəkillər yaxşı deyilsə, deməli gözəlliyə o qədər də yaxın olmamısan. Biz Şirokinoya çox yaxın idik. Əgər şəkil yaxşı alınmayıbsa, öz yaddaşımı günahkar bilməliyəm. Mariopola gələndən sonra Şirokino ilk eşitdiyim yer adı idi. Gözləyirdim ki, əvvəl evə gedəcəm, çamadanlarımı açacam, duş qəbul edib yatacam. Əvəzində isə Maksim məni birbaşa ofisə apardı. Taşa isə dərhal brifinq keçirməyə başladı. İlk cümləsi Şirokino haqda idi. Danışırdı ki, şəraiti dəyərləndirmək üçün ora necə gediblər, son anda necə “qırmızı işığa” düşüblər. Sonra xəritədə qara nöqtəni –Azov dənizi sahilindəki kəndi göstərdi. Taşa Qırmızı Xaçın Mariopol ofisinə üç aydan bəri təkbaşına rəhbərlik edirdi. Adamlara kömək üçün can qoyurdu, gecə-gündüz demədən çalışırdı. Bəzən onun iş yanğısını başa düşməyə çətinlik çəkirdim. Taşa ofisə rusca danışan təcrübəli nümayəndə istəmişdi. Amma rusdilli Qırmızı Xaç əməkdaşlarının sayı çox məhdud idi. Ona görə də sonda münaqişə zonasında işləmək təcrübəsi olmayan, sadəcə rusca bilən əməkdaşa razılıq vermişdi. Həmin əməkdaş mən idim. Münaqişəyə qədər Şirokinonun 1500 nəfər əhalisi vardı. Əsasən Mariopol sakinlərinin istirahət yeri olan çoxlu bağ evlərinin sıralandığı çiçəklənən qəsəbə idi. Ukraynanın nəzarət etdiyi Mariopolla separatçıların əlindəki Novoazovsk arasında yerləşən Şirokinonun ucqarlarında döyüşlər 2014-cü ilin sentyabrında başlanmışdı. Lakin bir neçə gün sonra Minsk protokolu imzalananda separatçılar mövqelərindən sıxışdırılıb çıxarılmışdı. Noyabrda Taşa demək olar ki, qəsəbəyə qədər gedib çıxanda vəziyyət hələ gərgin idi. Lakin nisbi sabitlik vardı və əhali qorxu içində də olsa, Şirokinoda yaşamaqda davam edirdi. Taşa gizlində mənə etiraf edəndə ki, rəhbərlik təhlükəsizlik təminatı olmadığı üçün onun səfərinə icazə vermir, sevindim. Fikirləşdim ki, ikilikdə gedə bilərik. Çünki görəcəklərimiz mənə də çox maraqlı idi. Fevralda vəziyyət gərginləşdi. Separatçı qüvvələr Şirokinonu işğal etdilər. Amma Minsk Memorandumunun tələblərinə görə bura “neytral” ərazi sayılırdı. Beş gün sonra ən amansız könüllü batalyonlardan sayılan “Azov” bu təxribata hücum əməliyyatı başlatmaqla cavab verdi. Şirokino döyüş meydanına çevrildi. Düşmən tərəflər bir-birinə Minsk Protokoluna görə qadağan edilmiş Qrad və Uraqan tipli raket sistemlərindən – mahiyyətinə görə seçmə hədəfləri vuran silahlardan atəş açırdılar. Müvafiq qurumların “hücumun qarşısını almaq”, yaxud “müdafiə olunmaq” bəhanəsi ilə dinc əhalinin başına od yağdırılmasına nə ad qoyduqlarını bilmirəm. Çünki qarşı-qarşıya dayanan tərəflərin ikisi də kəndin başdan-başa cəhənnəmə çevrildiyi bir şəraitdə özlərinin yaxınlıqdakı mülki obyektlərdə olduqlarını iddia edirdilər. Uzun-uzadı müzakirələr aparılırdı, müxtəlif bəhanələr pinq-ponq topu kimi bir tərəfdən o biri tərəfə atılırdı. Sirokinadan köçkün düşmüş adamlar üçün brezent göndərilməsi haqda saysız-hesabsız elektron məktublar biri-birini əvəz edirdi. Guya brezent olsa onlar yağışdan daldalana, evlərinin dağılmış damını örtüb altına yığışa bilərdilər. Düşünürəm ki, biz – bu müzakirələri aparan adamlar nə qədər sadəlövh idik. Şirokinodan köçkün düşən, amma günlərin birində geri qayıdıb evlərini təmir ermək xəyalı ilə yaşayan sakinlər nə qədər sadəlövh idilər! Nəhayət qərara gəldik ki, adamlara brezent paylamayaq. Çünki bu, köçkünlərin ümidlərini aldatmaq, onların hər iki tərəfdən minalanmış kəndə qayıdış üçün şirnikləndirmək üçün bir vasitəyə çevrilərdi. Qazancları isə qəfil, çovumuş güllə, ya da evlərin damında marığa yatmış snayperlərin dəqiq atəşi ola bilərdi. Bəziləri bu qanlı brezent məsələsində təkid edirdilər. “İstənilən halda insanlar geri qayıdır”- deyirdilər. Bu sözləri eşidərkən mən “cəhənnəm aparan yol nəcib niyyətlərdən salınıb” ifadəsinin doğruluğuna bir daha inanırdım. Mart ayı ərzində Şirokino demək olar ki, dağıdılmışdı. Sakinlərin çoxu kəndi tərk etmişdi. Yalnız qırx nəfər (lap bizim nağıllardakı kimi!) qalmışdı. Onlar zirzəmilərdə gizlənir, sonu görünməyən döyüşlər arasında yaranan fasilələrdə sığınacaqlarından çıxırdılar. Martın 25-də ATƏT bir günlük atəşkəs elan etdi. Biz kənddə qalan adamlara ərzaq bağlamaları paylamağa getməli idik. Bir qayda olaraq ATƏT əməkdaşlarına qarışmamaq, yaxud onları pərt etməmək üçün arada bəlli məsafə saxlayırdıq. Bəlkə də onların günahı deyildi. Lakin camaat bu təşkilatın işçilərini sevmirdi. ATƏT mandatı düşmən tərəfləri ayırmaq və onları Minsk razılaşmasının şərtlərinə əməl etməyə çağırmaqla kifayətlənirdi. Gülləkeçirməz jiletli, Rayban eynəkli əcnəbilərin - ordu və polis mənsublarının bir şey olan kimi gəlib müxtəlif qeydlər aparmağı, vəziyyət qəlizləşəndə isə maşına atılıb aradan çıxmaları kənd adamlarını qıcıqlandırırdı. ATƏT-in atəşkəsi təmin etməsi bizə gülməli gəlirdi. Doğrudur, ATƏT öz hesabatlarında humanitar vəziyyətə də bir az yer ayırırdı. Təşkilatın insan haqlarının monitorinqi qrupu fəaliyyət göstərirdi. Lakin bu detallar kənardan o qədər də diqqəti çəkmirdi. Çünki təhlükəsizliklə bağlı tədbirləri həmişə özümüz görürdük. Amma bu nadir fürsət idi və Şirokinodakı humanitar fəlakət bizim bütün narahatlıqlarımızın üstündən xətt çəkdi. Taşa Cenevrədə idi. Onu əvəz eləyirdim. Əməliyyatda iştirak edənlərin sayı məhdud olmalı idi. Mən, sürücü, bir də Vlad. Mən gələndə qırx pay ərzaq bağlaması artıq maşına yüklənmişdi. Logistika mühəndisimiz Mişa istisna hal kimi maşının yük yerinə üç dəbilqə qoymuşdu. Qarşı tərəf mənə qəddar, bədniyyət, xain görünürdü. Eyni zamanda gözəgörünməz, xəyali təsir bağışlayırdı. -Ну, Умай, с Богом! (Hə, Humay, Allah amanında!) -deyə Mişa bizə yaxşı yol arzuladı. Ukrayna nəzarət-buraxılış məntəqəsini keçəndə separatçılar tərəfdəki əlaqələndirici şəxsə - “Şaman”a zəng vurdum. Onun sinənin dərinlihindən gələn səsi vardı. Danışıq tərzi dərhal özünü ələ verirdi. Neytral ərazi qorxunc görünürdü. Təmas xəttinin haradan keçdiyini dəqiq bilmirdik. Məndə ATƏT-nın əlaqə nömrəsi vardı. Lakin bağlantı qurmaq mümkün deyildi. Dəfələrlə söndürüb yandırmağıma baxmayaraq mobil telefonum şəbəkəyə qoşulmurdu. Düzdür, peyk telefonu da vardı. Amma onu işə salmaq üçün maşını saxlamaq, antennanı açıb siqnal gözləmək lazım idi. Gizlətmirəm, qorxmuşdum. Yaxınlıqda bir neçə raket ucluğu asfalta batmışdı. Bəs rabitə xətti harada idi? Biz gəlib çıxdığımız yolla əl havasına gedirdik. Qəflətən qarşımızda – maneə yanıb qarsalanmış zirehli maşın peyda oldu. Hamımız susurduq, qorxmuşduq. Vladın arxada astadan təəccüblə fit çaldığını eşitdim. -Paşa, geri dön, - dedim. Pavel dərhal maşını arxaya çevirdi. Bəxtimiz gətirmişdi. Ehtiyatla ərazidən uzaqlaşdığımız vaxt bir neçə nəfər separatçının yolla getdiyini gördük. Necə deyərlər, cındırlarından cin hürkürdü. His-pas içində idilər. Aclıq çəkdikləri dərhal hiss edilirdi. ATƏT-çilərin harada olduğunu soruşduq. Göstərdilər. Şirokino tamamilə dağıdılmışdı. Kəndin Şərq hissəsi separatçıların, qərb tərəfi isə Ukrayna Ordusunun nəzarətində idi. Maşını həmişə olduğu kimi, üzü gedəcəyimiz istiqamətdə saxladıq. Çünki nə isə gözlənilməz hadisə baş versə, ərazini dərhal tərk etməli idik. Bir anlığa nəzərlərim küçənin ortasında, kənd adamlarının əhatəsində dayanmış ATƏT Monitorinq Qrupu başçısının müavini Aleksandr Huqa sataşdı. Huq göründüyü hər yerdə diqqəti çəkirdi. Onu sevə bilərdilər, nifrət edə bilərdilər, amma heç kəs nə vaxtsa, nəyəsə laqeyd yanaşdığını deyə bilməzdi. O, İsveçrə Ordusunun hüquqşünas zabiti, MH-17 hava gəmisinin qəzaya uğramasını ilk araşdıranlardan biri idi. Burada, Şirokinoda Huq özünün uca boyu, daim ütülü köynəyi ilə zirzəmilərdən qorxa-qorxa çıxan rəngi qaçmış çəkingən kənd saakinlərinin görünüşü tam bir ziddiyyət təşkil edirdi. Kəndlə tanışlıqdan sonra o, belə bir bəyanatla çıxış etmişdi: “Mənim və həmkarlarımın bu gün burada təsadüf etdiyimiz mənzərə dəhşətlidir. Kənddə gördüyümüz adamlar çox çətin şəraitdə sığınacaq tapa bilirlər. Biz kiçik yaşlı uşaqları olan ailəyə rast gəldik. Şok vəziyyətində sığınacaqda daldalanırdılar. Artıq iki gündən bəri atəşkəs elan olun da, qorxularından küçəyə çıxmaq istəmirdilər. Vlad peşəkar idi. Bilirdi ki, vaxtımız azdır. Müvəqqəti atəşkəs son dərəcə kövrək idi. Hər hansı əsgərin ehtiyatsız hərəkəti onu pozmağa kifayət edərdi. İlk atəş qırğın başlamasına yetərli idi. Çünki tərəflər bir-birinə çox yaxın dayanmışdılar. Gərginlik son həddə çatmışdı. Uzun çəən qışdan sonra günəşli, isti gün idi. Hətta xarabazarlığa çevrilmiş kənddə də martın son günlərində sakinlərin bəlli bir bayram əhval-ruhiyyəsində olduğu sezilirdi. Bu onların əvvəlki kimi tutqun olmayan çöhrələrindən də oxunurdu. Şirokino sakinləri bir-bir maşına yaxınlaşır, siyahıya qol çəkib ərzaq bağlamalarını götürürdülər. Sonra kimsə cəsəd haqda danışdı. Deyirdilər ki, təxminən 7-8 gün əvvəl, atışma zamanı bir nəfər öldürülüb. Meyidi hələ də həyətindədir. “Ailəsi var?”-deyə soruşdum. Dedilər ki, təkbaşına yaşayan içki düşkünü imiş. Uşaqları haradasa Rusiyda olmalıdır. Bizdə cəsəd torbaları vardı. Amma ciddi təlimata görə onları yalnız istifadə üçün başqalarına verə bilərdik. Özümüzün cəsədlərlə uğraşmağa ixtiyarımız yox idi. Bir videoda görmüşdüm. Həlak olmuş əsgərin cəsədinin altına mina qoyurlar. Yoldaşları onun meyidini götürüb aparmaq istəyəndə partlayış baş verir. Bir neçə nəfər yaralanır. Doğrudur, indiki halda meyidi ortalıqda qalan mülki şəxs idi. Amma yenə də həmin həyətə getmək təhlükəsiz deyildi. Yol boyu partlamamış sursatlar ola bilərdi. Huq dedi ki, bu işi özləri görərlər. Ona cəsəd torbası, əlcək və maska verdim. ATƏT-nın monitorinq qrupunun üç əməkdaşı da Huqa qoşuldu. Yerli sakinlərdən biri bələdçilik eləməyə razılıq verdi. Ərzaq bağlamalarını yenicə paylayıb qurtarmışdıq ki, onlar geri qayıtdılar. Hərəsi cəsəd torbasının bir küncündən yapışmışdı. Meyidi şəxsiyyətini təyin etmək üçün Mariopol morquna aparmaq lazım idi. Odur ki, maşının yük yerinə qoydular. Pavel nəzərəçarpacaq dərəcədə həyəcanlanmışdı. Burnunun altında nəsə mızıldayırdı. Mən soyuqqanlılığımı qoruyub soxlamağa çalışırdım. Sürücüyə başa salmağa çalışdım ki, bu tamamilə normal haldır. Ətrafımızdakı əsgərlər arasında xəfif narahatçılıq hiss etdim. Portativ radiolardan anlaşılmaz uğultu eşidilirdi. Kənd camaatı da əsəbi görünürdü. Yəqin ki, adamlar belə uzunmüddətli sakitlikdən yadırğamışdılar. Sonra ilk atəş açıldı. Ardınca ikinicisi. Atəşkəs pozulmuşdu. “Уезжайте”(“Gedin”) – deyə adamlar bizdən xahiş edirdilər. Tərpəndik. İlk imkan yaranan kimi yenidən gələcəyimizi vəd etdik. Amma belə imkan yaranmadı. ATƏT növbəti atəşkəs haqda razılaşmaya lüzum görmədi. İyulun 3-də təşkilatın rəsmisi bildirdi ki, kənddə artıq mülki əhali qalmayıb. İyulun 5-də “Donetsk Xalq Respublikasının müdafiə naziri” Kononov Şirokinonun separatçılar üçün heç bir strateji əhəmiyyətinin olmadığını elan etdi. Çünki kənd vadidə yerləşirdi. Ətrafdakı yüksəkliklər isə Ukrayna tərəfinin nəzarətində idi. Artıq Ukrayna nəzarətində olan əraziyə çatdığımızdan Vlad da, mən də özümüzü rahat və xoşbəxt hiss edirdik. İşimizi görmüşdük – ehtiyacı olan 40 nəfərə ərzaq bağlaması çatdırmışdıq. Geriyə isə meyid aparırdıq. Təbii ki, kədərli təsadüf idi. Amma istənilən halda bu adam dəfn edilməli idi. Bir insan kimi ləyaqəti yalnız bu yolla təmin oluna bilərdi. Əlbəttə, daha onun özü üçün belə ləyaqətin heç bir əhəmiyyəti yox idi. Düşünürdüm ki, bu xaosda müəyyən nizam və adət-ənənələrə hörmət hissi yaratmaq baxımından biz hamımız bacardığımız şəkildə ləyaqət nümunəsi göstərməli idik. Nəzarət-buraxılış məntəqəsində maşın hərəkətini yavaşıdanda növbədəki əsgərlər hər şeyin normal olub-olmadığı ilə maraqlandılar. -Нормально!- deyə cavab verdik. Vlada dedim: -Özümü lap Tarantinonun filmində olduğu kimi hiss edirəm. Təsəvvür elə: əsgərlər soruşurlar: «Ребята, что везете?» (Uşaqlar, nə aparırsınız?). Biz də deyirik: “Meyid aparırıq”. Morqa gəldik. Şirokinodan çıxanda Vlad meyid tapılan həyətin sahibəsinə zəng vurmuşdu. Bizdən az sonra o da özünü çatdırdı. Gözünün ucu ilə cəsədə baxıb həmin adam olduğunu dedi. Qadına təşəkkürümüzü bildirdik. Amma tərəddüd içində dayanmışdı. Getməyə tələsmirdi. Sonra: -Bağışlayın, - dedi. – Gecikməyim deyə taksi ilə gəlmişəm. Bəlkə... Vlad ətrafdakılara hiss etdirmədən onun ovcuna 50 qrivna qoydu. Qadın uzaqlaşandan sonra “Блин” – deyə dodaqaltı deyinməyə başladı. -Orada adamı vurub öldürüblər. Bu da məndən taksi pulu istəyir. Вот тебе и жизнь! (Bu da sənə həyat!) Sonra susdu. Siqaret çıxarıb yandırdı. Aramsız titrəyən barmaqları arasında sıxıb sümürməyə başladı. Vladın 22 yaşı vardı. Sadəcə uşaq idi.

Əsil müharibə hekayəsi heç vaxt əxlaqi ola bilməz. O, nəcibliyə öyrətmir, düzgün insan davranışı modellərini təlqin etmir, insanlara həmişəki əməllərindən çəkindirmir.

Tim O`Brien “Özləri ilə daşıdıqları şeylər” (The Things They Carried)

İngilis dilindən tərcümə edən: Vilayət Quliyev

Missiyada ağlamağım

Bu hekayə missiyada necə ağlamağım haqdadır. Üç il yarım ərzində iki dəfə ağlamışdım. Missiya rəhbəri Taşa mütləq bufer zonanın arxasında, separatçıların nəzarətində qalan kəndlərə yardım aparmağımızı istəyirdi. Deyirdi ki, harada yaşayırsa-yaşasın, mülki əhaliyə kömək göstərmək təşkilatımızın neytral, tərəfsiz mövqeyini nümayiş etdirir. Rəmzi baxımdan vacib idi. İkinci Dünya müharibəsindən sonra sülh şəraitində yaşayan Ukraynada Beynəlxalq Qırmızı Xaç Komitəsini demək olar ki, tanımırdılar. Bir də maddi ehtiyac məsələsi vardı. Təmas xəttinin hər iki tərəfindəki kəndlər aclıq çəkirdi, insanlar dilənçi kökünə düşmüşdü. 2015-ci ilin sərt qışının dəhşətini yaşayırdılar. Separatçıların nəzarətindəki yaşayış məntəqələrində vəziyyət daha acınacaqlı idi. Bu ərazilərdə Ukrayna hakimiyyəti yox idi. Separatçıların başı müharibəyə qarışdığından idarəçiliklə maraqlanmırdılar. 2014-cü ilin dekabrında Donetskdə bizim nümayəndəlik açılmışdı. Amma Debaltsevedə və Donetskin özündə yaranmış böyük çətinliklərə görə Qırmızı Xaç heyəti vəzifəsinin öhdəsindən gələ bilmirdi. Bu, Allahın da unutduğu kəndlərdən çox uzaqda idilər və çatdırıb bir iş görə bilmirdilər. Amma missiyanın yerləşdiyi Mariupola yaxın idilər. Arada təxminən 20 kilometrlik məsafə vardı. Di gəl ki, biz də problemlə üzləşmişdik. Taşada missiyaya təhlükəsizlik zəmanəti verəcək və humanitar yardımın çatdırılmasına vasitəçilik edəcək yerli komandirlərdən heç birinin əlaqə nömrəsi yox idi. ATƏT-in Mariupol ofisinin əməkdaşları separatçıların nəzarət etdiyi Oktyabr və Zayçenko kəndlərinə gedib-gəlsələr də, öz kontaktlarını Tina ilə paylaşmaları qadağan idi. Amma onun vizit kartını komandirlərdən birinə çatdırmağa söz vermişdilər. Con dedikləri bir nəfər haqda danışırdılar. Ərəb olduğunu deyirdilər. Yadımdadır ki, bir ərəbin hansı səbəbdən özünə belə yöndəmsiz və sırf amerikan nom de querre (çağırış adı - ispanca) seçməsi mənə qəribə görünmüşdü. Təəccüblənmişdim ki, ərəb haradan gəlib separatçılara qoşulub? Rusiyaya bəslədikləri nifrətə görə öz batalyonlarında birləşib savaşa qoşulan gürcülər və çeçenlər, yaxud adrenalin axtaran avropalılar az deyildi. Amma ərəb? Həqiqətən də müharibə vaxtı çox qəribə işlər olur. Şəhər mərkəzində, "Mamma Mia" pitseriyasında oturmuşduq. Birdən Taşanın telefonuna naməlum nömrədən zəng gəldi. İçəridə adam çox idi. Taşa telefonu qulağına sıxıb həyətə çıxdı. Qayıdanda gözləri parıldayırdı, üzündə qələbə sevinci vardı. - Danışan Con idi, - dedi. Həyəcanının çətinliklə gizlədirdi. - Ona ofisdən zəng vuracam. Ofisə çatandan bir az sonra məni otağına çağırdı. - Sən burada əməlli-başlı tanınırmışsan, əziz qızcığaz! - dedi. - Başa düşmədim. - Con soruşdu ki, komandamda müsəlman qızı var? Əvvəl bir az fikrə getdim. Sonra başa düşdüm ki, səni deyir. - Qəribədir! Təsəvvür edə bilmirəm ki, bu Con haqqımda haradan eşidib? - Nə deyim? Amma iki gün sonra onunla Oktyabr kəndində görüşəcəyik. Yəqin ki, ora yardım aparmağımıza köməyi dəyər. - Yaxşı plan qurmusan, - dedim. Separatçı komandirlə, üstəlik də, ərəb muzdlusu ilə ünsiyyət həyəcanlandırıcı görünürdü. Əslində isə separatçının müsəlman olması kefimi pozmalı idi. Yəqin ki, bir müsəlman kimi mən də onu məyus edərdim. - Sən Qurandan bir şey bilirsən? -Taşa soruşdu. - Kəlmeyi-şəhadəti. Bir də Fatihə surəsinin yarısını. - Heç nə bilməməkdənsə, bu da yaxşıdır. - Elədir, - deyə razılaşdım. İki gün sonra Knutovo nəzarət-buraxılış məntəqəsindən keçdik. Əsgərlərə bufer zonada olacağımızı dedik. Xahiş etdik ki, atəş açmasınlar. Neytralkada (neytral ərazi) sakitlik idi. Separatçılar tərəfdə bizi hərbi CİP gözləyirdi. Con maşının yanında dayanmışdı. - Salam, - deyə yaxınlaşdığımızı görəndə dilləndi. - Əssalamü əleyküm - dedim. Əl uzatmaqla bağlı qərar verə bilmədiyimdən bir anlıq tərəddüd keçirdim. - Siz Bakıdansınız? Məni sanki cərəyan vurdu. Elə bildim sifətim əyildi. Yalnız bir neçə saniyədən sonra başa düşdüm ki, qarşımda dayanan Con soydaşımdır. Və mənim Bakıdan olub-olmadığımı soruşur. Özümdən asılı olmadan: - Bəli, - dedim. - Burada nə iş görürsünüz? - deyə öz dilimizdə soruşdu. - Bəs siz burada nə edirsiniz? - mən də eyni sualı verdim. - Yaxşı, gəlin rusca danışaq ki, mənim bossum da başa düşsün. Con dedi ki, bəxtini sınayan əsgərdir. Muzdludur, sözün qısası nayomnikdir. - Suriyada, Əfqanıstanda, İraqda olmuşam. Yeddi ildir ki, bu işdəyəm. Əlbəttə, ukraynalılar tərəfdə vuruşmağı çox istərdim. Amma az pul verirlər. Con hər dəqiqə Azərbaycan dilinə keçmək istəyirdi. Bir anda gözümdən düşmüşdü. İstəmirdim ki, eyni millətdən olmağımız saxta yaxınlıq təəssüratı yaratsın. Onu ərəb zənn etdiyimə görə ürəyimdə özümü səfeh adlandırırdım. Rus dilində güclü aksentlə danışırdı. Bilmirəm, bir işə yaramayan ATƏT əməkdaşları qafqazlı ilə ərəbi necə səhv salmışdılar? Özü də çoxu keçmiş Sovet ölkələrindən gəlmişdi. Ukraynada postsovet vaxtından işləyirdilər. Con Qırmızı Xaç Komitəsindəkilərin hamısının casus, Qərbin əlaltısı olduğunu dedi. Onlara inanmağın qeyri-mümkünlüyü haqda əllaməlik eləməyə başladı. Nəzarət-buraxılış məntəqəsini keçməyə qoymadı ki, ağır texnikanı görə bilərik. Humanitar yardım gətirməklə bağlı təklifimizə bir cavab vermədi. Qəfildən təpənin arxasından piyadaların döyüş maşını çıxdı. PDM-nını heç vaxt belə yaxından görməmişdim. Çox zəhmli görkəmi vardı. Üstündə iki əsgər oturmuşdu. Atəş səsi eşidildi. - Haradan atdılar? -deyə Taşa soruşdu. O, çox həyəcanlı idi. Narahatlığı səbəbsiz deyildi. Bizim bufer zonada olduğumuz müddətdə tərəflər atəşkəsi pozmamaq haqda centlmen razılığına gəlmişdilər. Con pis-pis gülüb sualımızı cavabsız buraxdı. Pırtlaşıq saqqalı, belindən düşən hərbi şalvarı ilə çox yaramaz bir tipə bənzəyirdi. Həmin anda ürəyimdən onu yumruqlamaq keçirdi. Yenə yaxınlıqda atəş açıldı. Taşa Knutovodakı kontaktımıza zəng vurdu. Dedi ki, qayıdırıq. Bayaqkı BMP sürətlə getdiyi kimi tez də geri döndü. Nəzarət-buraxılış məntəqəsinin baryerindən içəri yuvarlanıb yoxa çıxdı. Özümüzü maşına atdıq. Çox sürətlə gedirdik. Beş dəqiqəyə Knutovaya çatmışdıq. Havada gərginlik vardı. Nəzarət-buraxılış məntəqəsində hərəkətlilik hiss olunurdu. Əsgərlərdən biri qarşımızı kəsib diqqətlə üzümüzə baxdı. - Mediki est? (Tibb işçiləri var?) - Yox, - deyə cavab verdik. Gözüm səkinin üstündə uzadılmış yarasından qan axan əsgərə sataşdı. - Keçin, keçin! - deyə digər əsgər bağırdı. - Burada dayanmayın. Ofisə qayıtdıq. Sürücümüz Sergey baş verənləri danışdı. Separatçıların qəfil atəşi nəticəsində Knutovo postundakı əsgərlərdən biri yaralanmışdı. Təcili yardım gəlib çıxana qədər keçinmişdi. Taşanın otağına girdim. - Hər şeyin səbəbkarı bu alçaq Condur, - dedim. - Bizim orada olmağımızdan istifadə edib posta atəş açdırıb. - Bunu əminliklə deməyə əsasımız yoxdur. - Ağappaq ağarmış Taşa pıçıldadı. - Yox, elədir ki, var, Taşa! - dedim. -O alçağın işidir. Ukraynalılar bilirdilər ki, biz neytral zonadayıq. Ona görə atəş açmazdılar. O da bizim sağ-salamat gəldiyimizi görən kimi atmaq əmrini verib. Aman Allah! Tibbi yardım gözləyən gənc əsgərin əzab dolu sifətini, onun səkiyə uzadılmış qan içindəki yaralı dostunun zavallı görünüşünü, nəzarət-buraxılış məntəqəsində hökm sürən həyəcanı yadıma salıb hönkür-hönkür ağlayırdım. Artıq qan tökülmüş, günahsız adam öldürülmüş, qanlı xaç suyuna salınmışdı. Gecə yarısı Condan telefonuma mesaj gəldi. "Siz mənə bacı kimisiniz, - yazırdı. - Biz evimizdən çox uzaqdayıq. Nə lazım olsa, mənə güvənə bilərsiniz. Bu gün görməli olmadığınız şeylər gördünüz. Axı sizin kimi gənc bir qızın burada nə işi var?" - Bu adam xəstədir, - deyə düşündüm. Təbii ki, cavab yazmadım. Bir ay sonra yerli qəzetlərdə kod adı Con olan separatçının Şirokinodakı döyüşlərdə yaralandığını oxudum. Onu Novoazovsk hospitalına çatdırsalar da, xilas etmək mümkün olmamışdı. Xəbərə sevinmədim. Amma kədər hissi də keçirmədim. Sadəcə əsl adını maraq edirdim. Sonralar birlikdə vuruşduqları və hökumət qoşunlarına əsir düşüb Mariupola gətirilən bir separatçıdan sualıma cavab ala bildim. "Onun adı Cavanşir idi" - dedi. Lovğalanırdı ki, Azərbaycan dilindən tərcümədə mənası "molodoy lev" deməkdir...
*** Qəhvənin ətrini istəyirəm. Qəhvənin ətrindən başqa heç nə istəmirəm. Keçən günlərdən qəhvə ətrindən başqa heçnə istəmirəm. Ona görə can atıram ki, özümü toparlayım, ayaq üstə durum, sürünən varlıqdan insana çevrilim. Ona görə çalışıram ki, sübhün mənə aid hissəsinə tab gətirməyə gücüm olsun. Ona görə istəyirəm ki, bu gün birlikdə küçə aşağı gedib başqa yer axtara bilək. Barıt qoxulu və boşluq dadı verən balıqqulaqları üzü dənizə baxan mətbəxə yağış kimi tökülərkən, qəhvənin ətrini öz hüceyrələrimə necə paylaya bilərəm? İkisi arasındakı vaxtı ölçürəm. Bir saniyə. Bir saniyə nəfəs alıb vermək üçün, bir ürək çırpıntısı üçün lazım olan vaxtdan daha qısadır. Bir saniyə dənizə baxan şüşə fasadın qabağındakı plitə önündə dayanmağım üçün kifayət deyil. Bir saniyə şüşə qabı açmağa və ya qəhvədana su tökməyə kifayət etmir. Bir saniyə kibrit çəkməyimə bəs eləmir. Amma bir saniyə yanmağıma bəs edir...

Mahmud Dərviş. Unutqanlığın xatirəsi.

İngiliscədən tərcümə edən: Vilayət Quliyev

=

Narahat gün

Bir gün əvvəl buradakı italyan əsilli nümayəndə Katerina ilə aramızda sözün əsl mənasında xoşagəlməz hadisə yaşandı. Nə baş vermişdi? Təxminən gündüz saat 3-də, mənzildə təmizlik işləri apardığım vaxt Katerinaya kimsə zəng vurdu. "Nə olub?" - deyə soruşanda əsəbi monoloq başladı. İngiliscəsi o qədər də yaxşı deyil. Odur ki, söhbətimiz çox vaxt ya fransız, ya da ispan dilində olur. Kiminləsə çox yüksək tonda, tələsə-tələsə danışırdı. Belə başa düşdüm ki, İtuango hindu tayfasından bir qadın ona zəng eləyib. Qadın itkin düşənlərə yardım çərçivəsində pul baratı almalı imiş. Soruşurdu ki, pulu sabah ala biləcəkmi? Çünki bir gün əvvəl adına pul gəldiyini bildirəndə bank xidmətçisi demişdi ki, heç nə yoxdur. - Bu gün mənə beş dəfə zəng vurub. Xorxe ilə əlaqə saxlamağa çalışmışam. Cavab vermir. Başa düşürəm, indi bayramdır. Bəs nə edim? Əgər ortada bir nəticə yoxdursa, adamların başını boş sözlə aldatmaq istəmirəm. Ona görə də Narilsə zəng vurdum. Narils də şəxsi mobil nömrəsindən Xorxeni axtarmağa başladı. İndiyəcən bir xəbər yoxdur. Qadın bazar ertəsinə qədər gözləyə bilməz. Çünki acdır... Xorxe dünən onun guya bankomatdan pul çəkdiyini yazıb. Amma düz deyil. Elə olsaydı, durmadan mənə zəng eləməzdi. Təəccüblənmişdim. Arada fürsət tapıb nəsə demək istəyirdim. Amma imkan olmurdu. Odur ki, sakitcə oturub qulaq asırdım. Mənə elə gəlirdi ki, işin belə korlanmasına səbəb yalnız indi eşitdiyim vəziyyətlə bağlı bir iş görməməyim idi. - Bilmirəm, Humay, bilmirəm. Həmişə fikirləşirdim ki, biz bir zəncir kimiyik. Bazar ertəsi hər şeyi Oçuaya danışacam. Nə baş verir? (Zəncir? Bəlkə bir komanda olduğumuzu demək istəyir?) - Katerina, - dedim, - Qoy mən Xorxeyə zəng vurum. Bəlkə cavab verdi... Xorxe müavinimdir. Beynəlxalq Qırmızı Xaç Komitəsində on ildən çoxdur ki, işləyir. Vəzifəsinin öhdəsindən yaxşı gəlir: itkin düşənlərin fərdi dosyelərini diqqətlə təqib edir, məsələ ilə bağlı görməli olduqları işlər barədə nümayəndələrə aydın təlimat verir, hansı məlumatın ümidverici göründüyünü, hansı mövzuları qapatmaq lazım gəldiyini düzgün müəyyənləşdirir, harada son imkana qədər bütün addımların atıldığını, harada hələ dəqiqləşdirmələrə ehtiyac duyulduğunu bilir. Bir işi bağlamazdan əvvəl sonuncu siçan deşiyini də araşdırmağı zəruri sayır. Büdcə-maliyyə məsələlərində də bacarıqlıdır. Mən işə təzə başlayanda Xorxe sanki yaxasını bir az kənara çəkən kimi görünürdü. İrəli çıxmış çənə sümükləri ilə sifətdən hindulara bənzəyir. Heç vaxt şəxsi həyatı haqda həmkarlarına danışmır. "Mavi" olmasından şübhələnirəm. Lakin vaxt keçdikcə, vəziyyəti müzakirə etmək üçün daha tez-tez bir araya gəldikcə, birgə səylər nəticəsində bəzi işləri yoluna qoyduqca aradakı anlaşılmazlıq buzu əriməyə başladı. Xorxeyə inanırdım. Bəlkə də bu tam güvən hissi deyildi. Bəlkə də ona Sergeyə inandığım kimi güvənmirdim. Lakin aramızda müəyyən bir əminlik hissi yaranmışdı. Xorxeyə zəng elədim. Telefonu dərhal götürdü. - Que mas? - deyə soruşdu. (Təzə gəldiyim vaxtlarda bu ifadə məni əməlli-başlı karıxdırmışdı. Deyim Antioxiya əyalətində daha geniş yayılıb. Hərfi tərcüməsi "Nə var?", "Nə olub?" anlamını verir. Əslində isə "Necəsiniz?" deməkdir. Birinci dəfə eşidəndə suala ilk reaksiyam "Nada mas" olmuşdu. Yəni "Heç nə yoxdur". Yəni görüşmədiyimiz müddət ərzində yeni heç nə baş verməyib). - Yaxşıyam, - dedim. - Katerina sizi axtarır. Zəhmət olmasa, ona zəng vurun. Özü də elə indi zəng edin. Xorxe zəng vurdu və anlaşılmazlıq aradan qaldırıldı. Xorxe elə adamdır ki, ara-sıra səhv edir. Məsələləri qarışdırır. Hər gün bu qədər yeni ad və soyadın ortaya çıxdığı şəraitdə burada qeyri-adi heç nə yoxdur. Əslində, normal hal sayıla bilər. Katerina mənə səsli mesaj göndərdi. Təəssüfləndiyini bildirir. Deyir ki, amma müəyyən iş görülsə də, diqqətini heç cür bir nöqtə üzərində cəmləşdirə bilmir. Çünki qadın aramsız zəng vurur. Katerinaya demək istəyirdim ki, "amma" sözü ilə başlayan və beş saniyə fikirləşəndən sonra edilən üzrxahlıq nəcib hərəkət sayıla bilməz. Bəli, mən yaxşı adamam, yaxşı tərbiyə görmüşəm. Sadəcə deyə bilərəm ki, hər şey qaydasındadır. Amma gələn dəfə belə bir iş olsa, dərhal mənə zəng eləməlisən. Məsələnin həllini bu qədər uzatmamalısan. Mətbəxin döşəməsini silib qurtardım. Amma sakitliyim pozulmuşdu. Son saatlarda duyduğum zövq hissi elə bil buxarlanıb havaya uçmuşdu. Katerina mənim yanımda səsini qaldırmağı özünə rəva bildiyi üçün əsəbi idim. Sonuncu dəfə belə bir halın nə zaman baş verdiyini yadıma sala bilmirdim. Hirsli idim, amma vəziyyəti gərginləşdirmədən həll yolu tapa bilmişdim. Ənənəvi siyasi həssaslığım, dəqiqliyim buna imkan vermişdi. Misilsiz Mario haqda - nəcib həmkarım, emosional xəyal uçuşlarımızın qoşa qanadı barəsində düşünürdüm. Az qalmışdı ki, telefonu götürüb ona zəng vurum. Amma qəfildən özüm də fərqinə varmadan vəziyyəti daha da qəlizləşdirmək əvəzinə problemin həlli üçün uşaqcasına, hətta çəkingən bir yol seçdim: Katerinaya mesaj yazdım. "Bax, bella (gözəlim - italyanca) gələcəkdə bir də bu cür hərəkət eləmə. Hətta səhvim olanda da kimsənin mənimlə belə yüksək tonda danışmasını sevmirəm. Özgələrinin səhvi haqda isə danışmağa dəyməz. Təəssüflənirəm, çünki hərəkətin məni narahat etdi. Və istərdim ki, şikayət, yaxud narazılıq bildirməzdən əvvəl bunu anlayasan. C`est tout! (Bu qədər! - fransızca). Mən hər şeyi başa düşdüm, amma susdum. Xoş axşam arzulayıram". Duş əla idi. Nə qədər təəccüblü görünsə də, sanki su bütün hirsimi yuyub apardı. Katerina ümumiyyətlə yaxşı həmkar idi, yaxşı ürək dostu idi. Mango biche (Kolumbiya mətbəxində geniş yayılmış meyvə salatı) haqda zarafatları bölüşməkdən zövq duyduğum adamlardan idi. Kifayət qədər ağıllı təsir bağışlayırdı. Amma tez-tez italyan iş yoldaşı Lauradan şikayətlənirdi. Laura dramatik təbiətli insan idi. Ailəsi ilə telefonda danışanda qışqırır, özündən çıxırdı. Ya da adını hansısa tədris proqramına salmayanda ağlayıb-sıtqayırdı. Bəs Katerinaya nə olmuşdu? Xalam həmişə deyərdi ki, insanlar hər işdə özlərinin əsl tərbiyələrini göstərirlər. Dilimizdəki bu söz tam, dolğun mənası ilə tərcüməyə çətin yatır. İnsan necə, hansı dəyərlər əsasında böyüyüb, çətin vəziyyətlərdə özünü necə aparır - bunlar hamısı tərbiyənin tərkib hissələridir. "Hər şey yaxşı olanda istənilən adamın yaxşı olması asan məsələdir. Əsas odur ki, pis vəziyyətdə yaxşı olmağı bacarasan". Mənə həmişə inanılmaz görünüb: necə olur ki, insanlar öz hisslərini cilovlaya bilmirlər, simalarını itirirlər? Həm də Katerina uşaq deyil. Məndən cəmisi altı ay kiçikdir. Bu ay utandığı 34 yaşı olacaq. Adi vəziyyətdən baş çıxarmır. Bəs aləm bir-birinə dəysəydi, nə edərdi? Və bu yerdə mən Şirokino haqda düşünməyə başladım. 2015-ci il mart ayının Şirokinosu haqqında...

“Billi, təbii ki, Trafalmador dilində oxuya bilmirdi, amma ən azından kitabların ulduz işarələri ilə aralanmış qısa simvol qrupları şəklində tərtib olunduğunu başa düşürdü. Billi bu simvol qruplarının teleqram ola biləcəyini təxmin etdi. - Elədi ki, var- səs dedi - Bunlar teleqramdı? - Trafalmadorda teleqram yoxdur. Amma sən haqlısan,- hər simvol qrupu qısa və təcili xəbəri çatdırır, hansısa hadisəni və ya vəziyyəti təsvir edir. Biz (Trafalmadorlular) onların hamısını bir yerdə oxuyuruq, tək tək yox. Bu mesajları bir biri ilə əlaqələndirən məntiq yoxdur, amma müəllif onları elə seçib ki, hamısını birdən görəndə, həyat haqqında gözlənilməz, dərin və valehedici bir məqamı dərk edirsən. Kitabın əvvəli, ortası, axırı yoxdu, heç süjeti və səbəb-nəticə əlaqəsi də. Biz kitablarımızda çoxlu möhtəşəm anların dərinliklərini eyni vaxtda görməyi sevirik.”

Kurt Vonnequt. “Beş saylı sallaqxana”

İngiliscədən tərcümə edən: Vilayət Quliyev

Anam haqqında dörd esse


Yay

Anam heç zaman gözəl olduğumu deməzdi mənə. Bircə dəfə dedi yalnız. Bu bircə dəfədən əvvəl və sonra saysız-hesabsız "göyçək", "şirin", "qiyamət", hətta "üzündə şeytan tükü var" demişdi mənə. Amma bu bircə dəfədən savayı, heç vaxt "gözəlsən" demədi mənə. Dənizə baş vurub suyun altında bir müddət üzəndən sonra qəfil çıxdım qarşısına. Hava çox yaxşı, səma intəhasız, Xəzər şəffaf idi. Havanı acgözlüklə sinəmə çəkib nəfəs dərmədən gülməyə başlamışdım ki, anam dedi: "Humay, sənin çox cəsur gözəlliyin var, biləsən". Göz qapaqlarımı endirmədən yenidən dənizə baş vurdum. Xəzərin suları o qədər də duzlu deyil. Deyirlər axı, dünyanın ən böyük gölüdür. Necə duzlu olsun ki? Xəzər isə bu bölgü ilə qətiyyən razı deyil. Elə hey dalğalarını inadkar şiddətlə qayalara çırparaq qəddarcasına cilalayır onları. Hər yay amansızlıq edir, xeyli sayda bəxtsizləri girdabına çəkir. Şairləri ilhama gətirir. Qoy coğrafiyaşünaslar danışmaqlarında olsunlar - Xəzər əsl dənizdir ki, dəniz! Suyun altında dəniz məni günəş şüalarının kəsişməsindən yaranan xəfif maviliklə ağuşuna aldı. Üzürdüm. Başgicəlləndirən, məğrur əminlik hissi ilə üzürdüm. Dənizin dibindən qeyri-adi bir işıltı sanki qəfil göz vurdu mənə. Suyun altından çıxdım. Dəyişmişdim. Gözəldim.


Payız

Erkən payızın Bakı ətrafı kəndlərdə gözəlliyi bir başqadır. Hava daha təmiz, ulduzlar daha parıltılı olur, daha yuxarıda bərq vururlar sanki. Gecələr daha sərin keçir. İtlər daha bərkdən hürürlər. Elə Xəzərin də səsi zilə çıxır. Xəzrinin qamçıladığı Xəzərdir o bərkdən inildəyən. Yay bitdi, getdi. Amma bunun hələ səhərin yeddisində ağızın yuxulu mağarasında dəymiş əncirin günah şirəsi ilə bir karnaval fırtınası tək coşub-daşmağı var. Əslində, ilin bu vaxtında burda olmalı deyilsən - bağ evində ancaq yayda qalarlar. Amma biz hər il yenə sentyabrdan bir neçə gün oğurlayıb onları da yayın ayağına yazırdıq. Elə o günlərdən biri idi, pişik balası gələn gün. Heç kim bilmədi hardan gəlib çıxıb, necə gəlib? Həyatın (oxu: sevginin) əksər qəziyyəsi kimi o da bir səhər qəfildən peyda olmuşdu və bizimlə qalmağa qərar vermişdi. Anam ev heyvanlarına meyilli deyildi. Amma bu pişiyin yeri ayrı idi. Ondan ötrü oyuncaq da düzəltmişdi. Uzun ipə kağızdan bir diyircək bağlamışdı. Pişik yuxarı tullanıb diyircəyi tutmağa çalışanda gülürdü ona. Balaca varlığın nadincliyi ləzzətli, xoşbəxtliyi yoluxucu idi. Pişik öyrəşmişdi balkona açılan qapının önündəki ayaqaltının üstündə yatsın. Qapı da ağır lay dəmirdən. Səhərlər açardıq, bir də axşam bağlayardıq. Gün ərzində qabağına stul qoyardıq ki, küləyin həmlələrinə tab gətirsin, çırpılmasın. İçəridən daha yüngül, taxta çərçivəli tor qapı da vardı. Balkonda çay içirdik ki, zil çığırtı eşitdik. Xalam səsə durub qaçdı. Kiminsə yəqin yadından çıxmışdı stulu yerinə qoymaq. Çırpılıb qapı, pişik də qalıb arada. Ölümcül vəziyyətə düşmüşdü. Yazıq tir-tir əsirdi. Qulağından sarı maye axırdı. Xalam onu götürüb otun üstünə qoydu. Pişik orda bir xeyli uzanılı qaldı. Arada özünü batırdı. "Bu, yaxşı əlamət deyil" dedi xalam. "Pişiklər çox təmizkar olur". Süd gətirdim, su gətirdim, ət gətirdim. Reaksiya vermir. Xalam gözlərinin qabağında çırtma vurur sola-sağa. Heç nə. "Bəlkə kor oldu?" dedi xalam. Onsuz da balaca pişik aldığı zərbədən lap kiçilmiş, çarəsiz yumağa dönmüşdü. Günün yarısını ora-bura var-gəl etdim həyəcanla. Axır ki, anam dedi götürək pişiyi qoyaq hasarın dibinə. "Gözləyək görək nə olur". Tez-tez yoluxurdum. Hər dəfə onu ölü tapacağımı düşünsəm də kiçicik bədənində inadkar həyat işartısı ilə qarşılaşırdım. İnadla torpağın üstündə, şəksiz ki, yaşayırdı hələ. İki gün beləcə keçdi. Anam dedi ki, dəyməyək, bəlkə yata bildi, yazıq iztirab içindədir. Əlindən hər iş gələn bağbanımız vardı. Soruşduq ondan ki, bəlkə yaxınlarda bir baytar tanımış ola. Qayıtdı ki, neynirsiniz baytarı, "günahdır". "Peyğəmbərimiz əbasız qalxıb gedərdi amma ətəyində uyumuş pişiyi oyatmazdı. Dəyməyin" - dedi. Dəymədik. Gözlədik. Möcüzə gözləyənlər kimi gözlədik. Möcüzə atamın gəldiyi günə təsadüf etdi. Atam İstanbul uçağı ilə səhər tezdən gəlib çıxmışdı. Yorğun olsa da, həmişəki kimi şux, nəvazişkar, həyata inamlı idi və bu inamdan qaynaqlanan mümkünlüklərin çöhrəsində əksini də gətirmişdi özü ilə. Başımız onun gəlişinə qarışdı. Getdim çay dəmləməyə. Bir də gördük pişik balası gəlib çıxdı. Üç günlük zülmətdən həyata qayıtmış, qabağımızda peyda olmuşdu. Deyərdim ki, son nəfəsində həyata can atıb yoxluqdan bu dünyaya tullanmışdı sanki... Amma özü hələ əvvəlki sayaq tullana bilmirdi zəiflikdən. Aclıqdan büzülüb yığılmışdı, amma təmiz görünürdü. Gözlərinin tutqunluğu çəkilmişdi, yerişi isə nöqsansız və zərif, xəfifcə hər addımı sınayan sayaq idi. Atam bu balaca pişiyi elə onda görmüşdü ilk dəfə. Bir-birimizin sözünü kəsib əhvalatlar danışır, çaydan içib dilimizi şaqqıldadır, göz-qaş edirdik. Özümüzü gözəl bir tufanın ağuşunda hiss edərək. Atam elə ilk baxışdan sevdi bu pişik balasını. Pişikbala onu həyətdə hər yerdə müşayiət edər, dayananda oturub səbirlə gözləyər və onunla qayıdardı. "Düz deyirlər ki, pişiyin doqquz canı var" dedi anam. Uşaq kitablarındakı Tomasina adlı pişiyi, onun dəfələrlə ölüb dirilməyini, transformasiya və reinkarnasiyalarını xatırladım. Acılı-şirinli idi həmin yay. Apreldə nənəm dünyasını dəyişmişdi. Gözəl, sərt, hökmlü qadındı. Yoxluğu bağda saxladığı hər toyuğun duruşundan, yüzillik tut ağacının hər meyvəsindən də xatırladırdı özünü. Anam, həkim anam bu hadisədən çox sarsılmışdı. Yad ölkədə xərçəngin qəliz prosedurlarından keçirmişdi öz anasını, təkbaşına. Amerikadan təzə qayıtmışdım. Magistraturamı bitirib gəlmişdim, geri qayıdacağımı planlayırdım. Anam istəmirdi gedim, amma mübahisə etməyə də halı yox idi. Çox yorğundu. Sentyabrı yarı edib getdim. Nyu- Yorkda nə işim vardı, nə də qalmağa yerim. Pulum cibimdə qalsın deyə rəfiqəmin Harlemdəki evindəki taxtında yatıb gecələyirdim. Anam üçün qəribə idi bu. Qərarımla razı deyildi. Əsaslı, əmin və dəqiq planların, aydın çıxarların qadını idi o. Buna baxmayaraq buraxdı ki gedim. Nyu Yorka uçuşumdan bir gün öncəki gecə pişik balası yoxa çıxdı. Çağırdım, çağırdım, gəlmədi. Düşündüm ki, haradasa yatıb qalıb yəqin. Ertəsi gün tezdən qalxdım, pişik balası gəlib çıxmadı yenə. Hava limanına ürəyimdə narahatlıqla yollandım. "Hara gedə bilərdi axı bu?" deyə öz-özümdən sorğuladım Nyu York etinasız, səs-küylü və isti idi. Kolumbiya universitetinin kampus parkında oturdum və budur, artıq bu universitetin tələbəsi də deyiləm, sürücülük vəsiqəmin vaxtı keçib, tələbə və kitabxana vəsiqələrim də artıq bir işə yaramır. Yadlar şəhərində yad. Anama zəng etdim. Dərhal da pişik balasını soruşdum. "Gəlməyib" dedi. "Hər yerdə axtarmışam. Bütün səhəri hər künc-bucağa baxmışam. Qayıtmayıb". Kədər və qəhər duyuldu səsindən. Ağrılı və tənha gəlirdi səsi. İçimdə boşluq və Nyu-York istisinin də gətirdiyi bihuşluqla çıxdım oradan. "Hara gedə bilərdi bu pişik balası? İlahi müdaxilə ilə həyata qayıtmışdı axı o dəfə". Anam axtarışa növbəti günlər də davam etdi. Bir gün qaraja girər, az qalar ki, iydən bayılsın. Pişik balası da orada. Sürünüb girib elektrik nasosunun mühərrikinə, yüksək gərginlikli cərəyan vurub onu. Taleyi yalnız bir neçə dəfə aldadıb yayınarsan, həmişə alınmaz. Anamı əməliyyatdan sonra halsız vəziyyətdə asta-asta xəstəxana otağına girəndə görmüşəm. Varşavadan Bakıya uçanda anasının ölümünə, üzərinə çökən məşum sonun çəkilməzliyinə ağlamağını təsəvvür etmişəm. Qorxduğunu da görmüşəm - xərçəng adı ilə səhv diaqnoz veriləndə ona. Amma həmişə ürəyimin dərinliklərində rahat olmuşam. Bilirdim ki, anam güclü qadındır. Amma bax o bağ evinin tənhalığında, səhərin erkən çağlarında, pişik balasının axtararkən onu naəlac-naəlac çağırmağını düşünəndə ürəyim bir anlıq dayanır, vurmur. Bəzən lap iki anlıq da dayanır, vurmur.


Qış

Axıra yaxın nənəm çox az danışırdı. Keçirdi Skayp kamerasının önünə, mənə deyirdi "danış". "Nə haqda istəyirsən danışım?" soruşurdum. "Nə istəyirsən" deyirdi. "Sənin danışdığın hər şey mənə maraqlıdır". Mən də danışırdım. Yuxularımı danışırdım. Hamısına birmənalı "yaxşı yuxudur" deyirdi. Kampusda gey yəhudilərin Əhmədinecatın çıxışına etirazından nəql edirdim ona. ("Geyəm, yəhudiyəm, Holokostdan sağ qalan iki nəfərin nəvəsiyəm. Yəqin Əhmədinecat məni bəyənməz"). Amerikan supermarketlərində təbii ərzağın nə qədər baha olmağını deyirdim. Qəhrəmancasına biş-düş etməyimdən, bu sahədəki kəşflərimdən danışırdım. Otaq yoldaşlarımdan, büsqalterləri ilə ayaqqabılarının döşəmədə bir-birinə qarışmağından söz açırdım ona. Oğlanlar haqqında da söz salırdım, ya da elə biri haqda - İrakli. Gürcü idi, nənəm isə qəti əleyhinə idi onun. Deyirdi özlərindən çox müştəbehdirlər. Düz deyirdi. Yadımda nənəmin dediklərinin az qismi qalıb. Danışdıqlarının böyük hissəsi kədərli idi - kimyaterapiya, testlər, simptomlar, şübhələr, yenə testlər, yenə kimyaterapiya. Arada olurdu ki, çox yaraşıqlı bir həkim çıxırdı qarşısına, nənəm isə bütün füsunkarlığını və cazibədarlığını səfərbər edirdi onunla bir söz də bilmədiyi yad dildə danışmaqdan ötrü. Bir əhvalat var idi - olmuş, amma film kimi bir əhvalat. Fransız filmlərindən idi bu - Culiette Binoçe anamın rolunda, yatağın qırağında valehedici dodaqları və sadə, lakin son dəbli qara geyimi ilə. Amma bu, həyatda baş vermiş əhvalatdır və həyat bəzən kinonu üstələyir. "Gecə Cəngavəri Yüksəlir"in (The Dark Knight Rises - sərlövhəyə fikir verin!) Aurora, Koloradodakı premyerasında çəkilənlərin ruhları bunu təsdiqləyər. Nənəminki ciyər xərçəngi idi və yarısını kəsmişdilər. Həkimlər deyirdi ki, gərək nəfəsalma məşğələləri etsin, dərindən nəfəs alsın (*burada İngilis dilində söz oyunu işlədilir mötərizə açılaraq, "dərinliyə ötəri baş vursun") ki, ciyərlərinin funksionallığını artırsın. Bir dəfə ona üç şarı üfürməyini tapşırmışdılar. Birini üfürdü. İkincisini də. Üçüncüsündə arxası üstdə uzandı və dedi ki, yorulub. Anam dedi ki, "yaxşı da, ay ana. Axırıncısıdır". Nənəm başını zorla yastıqdan qaldırdı. "Mama!" anam çığırdı. "Nəfəsim çatmır" dedi nənəm. "Burda uzanmaqla yaxşılaşacağına ümid eləməyin düz deyil" -dedi anam. "Aktiv olmalısan. Ağrısa da, aktiv olmalısan". Nənəm başını yırğalayıb etiraz etdi. Bitmişdi bununla bu söhbət. Amma bir iş var ki, yox, bitməmişdi. Nənəm qalxdı da, üçüncü şarı üfürdü də, anamın gözləri sevinclə parıldadı da! Sonra dəfələrlə nənəm bunu mənə danışanda əlavə edirdi ki, "Bilirdim ki, Şəhlaya ev də versinlər, maşın da, lap milyon da, amma o üçüncü şar kimi onu sevindirməz bunların heç biri". Ardından da qayıtdı bir dəfə: "Çox xoşbəxt qadınam. Sənin ananın gözlərini görəndə bildim ki, çox xoşbəxt qadınam". Az keçmişdi ki, dünyasını dəyişdi nənəm.


Yaz

Yaz dözülməz ümiddir, uzaqdakı tüstü cərəyanıdır, səhər işığında xəfif dəyişiklikdir, gözəllik gözləntisidir, parıltıdır. Sevgidir. Məhz bu yaz içimdə kəpənəklər uçuşur. O, hamısından yaxşıdır, el flor de mi secreto (ispancadan: sirrimin gülü), səhv başlanğıclar sonrası taleyin sirli göz vurmağıdır yenə, yaşca bir az kiçikdir, amma çox da kamildir. Uşuaia haqqında xəyallara dalıram, oranın gölləri və isti qəhvələri haqqında. Uşuaia dünyanın sonudur. Hər şeyin başlanğıcıdır. Anama bunu bizim mətbəx masasının arxasında oturaraq deyirəm. Budapeştdəki Chain Bridge körpüsünü keçməmiş kiçik qəhvə barında deyirəm anama bunu. Big Ben çayçısında dadlı desertimizi qaşıqlayanda deyirəm bunu anama. Günəşli küçələri gəzə-gəzə deyirəm bunu anama. Anam baxır. Gülümsəyir. Anlayır. "Futbolçuya oxşayır" deyir anam. "Bir həftə qabaq olar, yuxumda o gün böyük ağ maşın görmüşəm" deyir...

İngilis dilindən tərcümə edən: Türkər Qasımzadə

UKRAYNA: QƏRİBƏ VƏ GÖZƏL

Bu son günlər çox qəribə keçdi. Möhtəşəm, sakit və melanxolik tərzdə. Qəribə və gözəl. Dünən Kuraxovaya uzun bir səfərə yollanmışdıq. Səhər saat 8-də iki maşınla çıxdıq yola. Duster maşınına dördümüz güclə sığmışdıq. Land Cruiser isə xəstəxana üçün apardığımız dava-dərman və cərrahiyyə alətləri ilə dolu idi. Şərqi Ukraynada ağ yorğan kimi hər tərəfə sərilmiş qarın içindən maşınla keçəndə adam özünü dünyanın sanki lap qurtaracağındakı kimi hiss edir. Mariupol Azov dənizi sahilindədir. İqlim rütubətli olduğundan ağaclar şaxtada çox qəribə şəkildə donur. Hər kiçik budaq, hər çubuq ayrıca buz salxımına bənzəyir. Nəzarət-buraxılış məntəqəsini keçirik. Ucsuz-bucaqsız ərazilərdəki belə tənha məntəqələr məni valeh edir. Maşının sürətini azaldır, radionun səsini alır, pəncərələrin şüşəsini endiririk. Maska altından əsgərlərin üz cizgilərini müşahidə etməyə çalışıram. Əksəriyyəti gəncdir. Bəziləri dişləri arasında kibrit çöpü çeynəyir, digərləri siqaret çəkir. Yerlilər rusca danışır. Ukrayna dilində kobud şivə ilə danışanlar ölkənin ən qərbi regionundan- Zakarpatiyadan olanlardır. Əlləri ilə dayanmamağa, keçib gedə biləcəyimizə işarə edirlər. Maşınlarımız sanki yenidən ağ yorğanın içinə baş vurur. Volnovaxaya çatanda isə parlaq sosialist günəşi altında əl-ələ tutmuş gənc qız və oğlanlardan ibarət mozaik bir mənzərə ilə üzləşirik. Günəşin dadlı yumşaqlığı və sarımtıllığını qar daha aydın nəzərə çarpdırır. Uqledar yaxınlığında növbəti səyyar nəzarət-buraxılış məntəqəsinə yaxınlaşanda maşını yenidən yavaşıdırıq. Mühafizə əsgəri parolu bilib-bilmədiyimizi soruşur. Deyirik ki, yox, bilmirik. Heç nə demir, bizi buraxır, keçirik. Yol boyu səkidə dayanan adamlar maşınlarımıza baxıb gülümsəyir, əl eləyirlər. Qırmızı Xaçı hər yerdə tanıyırlar. Kuraxovaya çatırıq. Burada yerli dövlət rəsmiləri ilə uzun-uzadı müzakirəmiz oldu. Cəbhəyanı bölgələrdə vəziyyət ağırdır. Heç nə yoxdur oralarda. Nə qaz, nə işıq, nə kömür, nə odun –heç nə! Artıq sanki hamı bir ucdan “nə qaz, nə su, nə işıq” nəqaratını birnəfəsə ötür. Bu da çox təbiidir, təəccüblü bir şey yoxdur. Əgər kəndlər bombalanmırsa, humanitar vəziyyət özlüyündə çox da pis sayılmır. Ukraynanın qışı amansız olduğu kimi, soyuğun adamı quduzcasına dalamağı da bir ayrı təhlükədir. Hər yer minalandığından camaat meşəyə gedib odun da gətirə bilmir. Gecəni pəncərələri şüşələri mərmidən çilik-çilik olmuş mənzildə keçirməyi düşünün. O şəraitdə uşaqlarınıza yeməyə bir şey bişirməyi düşünün. Balacalara mərmi partlayanda nə etməli olduqlarını öyrətməyinizi düşünün. Müharibə qəddar, çirkin, iyrənc bir şeydir. Nə azad Avropa sevdası, nə vətənpərvərlik, nə də günəşli taxıl zəmiləri üzərindəki intəhasız mavi səmanı simvolizə edən bayraq müharibəyə haqq qazandıra bilməz. Bu həqiqəti mən burada, Ukraynada sanki əla cilalanmış almaz aydınlığı və itiliyi ilə görür, anlayıram. Post-sovet Azərbaycanında böyümüşəm. Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasındakı savaş erkən uşaqlıq illərimə təsadüf edib. O illərdə 20 Yanvar (Bakıda mülki əhaliyə qarşı rus qətliamı) və 26 Fevralla (Xocalıda ermənilərin törətdiyi soyqırımı) bağlı çoxlu məktəb inşaları yazmışam. O üzdən nənəm deyəndə ki, “Əgər nəvəm (yəni mənim qardaşım) Qarabağ torpağında sağ-salamat gəzə bilməyəcəksə savaşa niyə getsin?” - onun arqumentini ən yaxşı halda qeyri-vətənpərvərlik, ən pis halda isə xəyanət kimi qəbul etmişdim. Amma yalnız burada nənəmin nə qədər müdrik olduğunun fərqinə varıram. Və istəyirəm gedib məzarına baş çəkim, bunu ona pıçıldayım. Şəhər meriyasındakı görüşdən sonra Kuraxovodakı mərkəzi hospitala bəzi tibb avadanlıqları hədiyyə etməyə getdik. Baş həkimin yaramaz adam reputasiyası var buralarda. Amma əslində elə deyil. Bir az yorğundur bu adam, baxışlarından isə dərrakə və istehza yağır. Əldən düşmüş kimi dəyir gözümə. Cəbhə xəttindəki daim mərmi atəşləri altında qalan Krasnoqorovka hospitalı Kuraxovaya köçürülüb. Kuraxovadakı hospital indidən tamam dolub- 200 adama cəmisi 130 çarpayı var. Yeni gələn xəstələri, yaralıları həkimlər hara yerləşdirsin bəs? Bu məntiq krossvordundan özünü yayındıran baş həkim bizi salamlayır. Məndən haradan gəldiyimi soruşur. “Günəşli Azərbaycan”dan (ölkəmizi keçmiş SSRİ dönəmində adətən belə adlandırırdılar) olduğumu eşidən kimi Bakıya 1980-lərdəki səyahəti ilə bağlı çox da inadırıcı görünməyən, amma ləzzətli hekayəsini nəql etməyə başlayır. Deyir ki, Bakı dəmiryol vağzalında vaqondan düşən kimi Xəzərətrafı kəndlərin birinə gedən elektrik qatarına minməli imiş. Səsgücləndiricidə gediş cədvəli tək Azərbaycan dilində elan olunduğundan heç nə başa düşməyib. Özünü verib dispetçer otağına ki, bir cavab alsın. Amma heç nə öyrənə bilməyib. Xeyli ora-bura qaçıb vağzalı dörd dolanandan sonra qərara alıb ki, maşinistdən qatarın hara getdiyini soruşsun. Hekayənin cövhəri də elə ondadır ki, maşinist də bilmirmiş... Baxıram bu həkimə, onu otuz il qabaqkı gənc, sarışın, arıq, vağzalda azıb özünü tamam itirmiş tələbə kimi təsəvvür edirəm. Sualın cavabında çiyinlərini çəkən lopabığ, xeyrxah və qarayanız maşinisti də göz önünə gətirirəm. Stansiyanın tünlüyünü hiss edirəm – bağ evlərinə qovun, qarpız, kabablıq təzə ət aparan adamları canlandırıram xəyalımda... Söhbəti dəyişib “elə gözəl yerlərdən” hansı küləklərin məni bura gətirməsi mövzusuna keçirik.Ona deyirəm ki, anamla xalam da həkimdir və “həkim tayfası”na böyük hörmətim var. Həkimdən bol ailəmin Ukraynanın “vəhşi qərbi”nə gəlməyə necə icazə verdiyini soruşur məndən. “Əminəm ki, ciddi bir dava-dalaşsız ötüşməyib bu məsələ”- deyir. Mən isə burada özümü tam təhlükəsiz hiss etdiyimi bildirirəm. “Yaxşı görək, ciddi ol” - deyir ukraynalı baş həkim. Ani pauzasından bu sözlərin yerinə əslində mənə “Cəfəngiyyat danışma!”- demək istədiyini də anlayıram. “Hər tərəfə bomba atıldığı yerdə özünü necə təhlükəsiz hiss edə bilərsən?” - deyə soruşur. Cavab verirəm ki, Mariupol buradan uzaqdadır, bombaların səsini çox da eşitmirik. Yuxum da yaxşıdır, rahat yatıram. Yenə inanmır mənə. “Bura Kuraxovadan da uzaqdadır, amma mən özümü təhlükəsiz yerdə hiss etmirəm” - deyir. Sonra məni həyat tapmacasının cavabından agah edir – əvvəl 5-6 il Liviyada işləyib. Qəddafi devriləndən sonra qarışıqlıq, hərc-mərclik başlayanda ölkəni tərk edib. Deyir həmişə bilirdim ki, ora həqiqi vətənim deyil, istədiyim vaxt çıxıb gedə bilərəm. Amma Ukrayna başqa məsələ! Özününküdür. Ukraynanı qoyub heç yerə gedə bilməz. Mən isə gedə bilərəm. Ona görə mən özümü təhlükəsiz şəraitdə hiss edirəm, o yox! Mənim seçimim var, onunsa yoxudur. Arqumenti inkaredilməzdir, razılaşıram onunla.

İngilis dilindən tərcümə: Türkər Qasımzadə