Yaddaşlara köçən ömür
Xeyli müddətdir, hər hansı şəkildə yazı dərc etdirmirdim. Yanılmıramsa,
sonuncu dəfə hələ Azərbaycan Qızıl Aypara Cəmiyyətində işlədiyim illərdə,
təqribən 7-8 il öncə, qurumun humanitar fəaliyyətləri və s. haqqında çox sevdiyim
«Yeni Təfəkkür» qəzetində məqalələrlə çıxış etmşdim.
Bu günlərdə çox yaxından tanıdığım bir şəxsin vaxtsız vəfatı məni içimdə
sızıldayan acıları ictimaiyyətlə bölüşmək, (çünki həmin qəzet əsasən humanitarinsani məsələləri əhatə edir) yenidən yazı qələmə almaq üçün belə addım atmağa
vadar etdi. Bu hadisə ilə bağlı keçirdiyim hisslər, yaşadığım sarsıntılar haqqında
sosial şəbəkələrdə özümə təsəlli vermək üçün qısa şərhlər verərək ürəyimi
boşaltmışdım. Ürəyim doludur, sanki hayqırmaq və böyük bir səslə «NIYƏ?»
sualını vermək istəyir. Allaha şükürlər olsun ki, mömin olmağım məni müəyyən
qədər bu çətin hisslərdən uzaqlaşdırır, sakitləşdirir, hər şeyin yaradanın nizamı ilə
olduğunu xatırladır.
Bu növbəti yazım yaxın həmkar dostlarımdan biri, uzun müddət humanitar
təşkilatlarda əməkdaşlıq etdiyim Humay haqqındadır.
Humay Quliyeva – sadə bir Azərbaycan adı və soyadı. Amma bu sadə ad və
soyadı daşıyan, artıq gənc yaşlarında yüksək dünyagörüşünə, intellektə, savada,
tərbiyəyə, əxlaqa, qanacaq və qabiliyyətə malik olan biri haqqındadır bu yazı –
elegiya.
Neçə gündür, Humayın həyatdan vaxtsız köçməsi düşüncələrimi və beynimi
zəbt edib. Nə qədər düşünmək, xatırlamaq olar. Axı, xatırlanacaq həddən artıq
hadisə, görüşlər, gündəlik həyat və dünyəvi məsələlər, Vətən üçün edə
biləcəklərimiz və s. əhatə edən müzakirələr vardır. Humayın səmimiyyəti, daim
gülümsəyən və pozitiv enerji bəxş edən siması hələ də gözlərim önündədir.
Ölkəmiz üçün, ailəsi və qohumları, yaxınları və biz dostları üçün Humayın çox
vaxtsız itkisi son dərəcə ağırdır. O, elə həmvətənlərimizdən idi ki, öz biliyi, savadı,
mübarizliyi, vətənpərvərliyi və digər müsbət xüsusiyyətləri ilə Azərbaycan adını
dünyada sevgi, dərin məhəbbətlə layiqincə təmsil edə bilirdi. Bu cür yüksək insani
keyfiyyətləri, eləcə də 6 xarici dildə mükəmməl danışan Humayın itgisi ilə
barışmaq çətindir. O, getdi, ölkəmiz də bir insanın simasında çox şeyi itirmiş oldu.
Təəssüf…
Humayı sevənlərlə xatirələrimi bölüşməklə bəlkə mənəvi rahatlıq tapa
bilərəm…
Onunla ilk tanışlığımızı çox yaxşı xatırlayıram. 2016-cı il idi. Skype
üzərindən axtarıb tapmışdı məni (səhv etmirəmsə, ümumi dostumuz olan Elxan
Rəhimovun vasitəsilə. Hazırda o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyasının Avropa Zonasının direktor müavinidir). İşimizlə
əlaqədar bir neçə texniki sualları var idi mənə. İzmirdən ya da Budapeştdən zəng
vurmuşdu. Atası, hörmətli alimimiz və ziyalımız, şəxsən tanıdığım Vilayət Quliyev
Azərbaycan Respublikasının Macarıstanda Fövqəladə və Səlahiyyətli səfiridir.
Mən isə, o zaman Beynəlxalq Qızıl Xaç Komitəsinin Cənubi Sudanın paytaxtı olan
Juba şəhərindəki missiyasında idim. Əslində mən artıq Humay haqqında
eşitmişdim. Təqdimatdan sonra suallarına keçdi. Aydın oldu ki, bir müddət öncə,
qonşuluqdakı Mərkəzi Afrika Respublikasında humanitar missiyasını başa vurub
və təşkilat ona növbəti missiyanı Cənubi Sudanda verməyi planlaşdırır (hər iki
ölkədəki humanitar missiya dünyadakı ən mürəkkəb, çətin və təhlükəlilərdən
sayılır). Cənubi Sudanda missiyanın necə olması və s. haqda texniki suallar verirdi.
Mən də Juba şəhərində missiyanın nisbətən rahat, bölgələrdə işləmək şəraitinin isə
çox çətin olduğunu qeyd etdim. Anladığım qədər Humaya da Juba şəhəri təklif
olunmuşdu. Məndən Jubada işləməyin rahat olmasını eşidəndə, dedi “mənlik
deyil”. Bildirdi ki, ona real ehtiyaclı insanların olduğu bölgələr, humanitar
əməliyyatların çox olduğu yerlər maraqlıdır. Ürəyimdə düşündüm ki, hamı rahat
missiyalar axtarır, bu qız isə daha mürəkkəb yerlərə can atır. O zaman Humayı
yavaş-yavaş tanımağa başlayırdım. Bu insan, maksimum dərəcədə humanitar
yardıma real ehtiyacı olan icmalarda çalışmağa daha çox üstünlük verirdi. Ofisbürokratik işlərdən uzaq olmaq istəyirdi. Sonradan öyrəndim ki, Juba təklifinə yox
cavabı vermişdi.
O söhbətimizdən sonra ünsiyyətimiz yalnız sosial şəbəkələr üzərindən davam
etdirilirdi.
2018-ci ildə mən Banqladeşin Koks Bazar şəhərində (Myanmar ilə sərhəd)
missiyada olanda, öyrəndim ki, Humay da Ukraynanın Slavyansk şəhərində
missiyadadır. Təşkilatın daxili Skype-ı vasitəsilə onunla əlaqə saxladım. Mənə dedi
ki, Slavyansk yaxşı, sakit şəhərdir, missiya maraqlıdır, amma humanitar
əməliyyatların bol olduğu yerlər ona daha çox maraqlıdır. Hələ mənim Koks
Bazardakı missiyama yaxşı mənada paxıllıq da etdi. Üstündən bir neçə ay
ötdükdən sonra, tale məni də növbəti missiyam üçün məhz Humayın çalışdığı
Ukraynanın Slavyansk şəhərinə gətirib çıxardı. Humayla ilk üzbəüz görüşümüz və
möhkəm dostluğumuz da məhz bu şəhərdən başladı.
Təqribən 1 il eyni ofisdə çalışdıq. Bizimlə birgə daha bir azərbaycanlımız
(əslən gürcüstanlı, Ukrayna vətəndaşı), Ələsgər də var idi. Bir Azərbaycanlı üçlüyü
yaratmışdıq. Ələsgər Slavyansk və Kramatorsk şəhərlərinin arasında, yol kənarında
yaxşı bir Azərbaycan restoranı tapmışdı. Demək olar ki, ayda bir dəfə həmin
restoranda azərbaycanlıların görüşü adlı nahar ənənəsi formalaşdırmışdıq. Necə
deyərlər, yeyib-içir, deyib-gülürdük. Çox şən vaxt keçirirdik. Məclisin aparıcı
qüvvəsi isə hər zaman Humay olurdu. Maraqlı söhbətlər, müzakirələr... Ehh,
təəssüf ki, indi yalnız xatırlamaq qalır bizə.
Humayın Slavyanskda missiyası bitəndə (səhv etmirəmsə 2019-cu ilin
sentyabr ayı idi) sonuncu naharımızda həm Ələsgər, həm də mən çox
kövrəlmişdik. Bilirdik ki, daha heç zaman Slavyanskda azərbaycanlıların məclisi
(əslində Ələsgərlə ikimiz qalmışdıq) belə maraqlı olmayacaq. Humaydan sonra biz
Ələsgərlə bir daha həmin nahar ənənəsini davam etdirmədik (hərçənd Humayın
şəhəri tərk etməsindən il yarım ötür).
Humayın özünəməxsus, dadlı Azərbaycan plovu bişirməyi rəngarəngliyi ilə
xatirimdə qalıb. 2019-cu ilin Ramazan ayında kollektivimizi Slavyanskda,
Humayın yaşadığı ünvana iftar süfrəsinə dəvət etmişdik. Mən bazarlıq etmişdim, O
da yemək bişirmək işini boynuna götürmüşdü. Hərəsi bir diyardan olan əcnəbi iş
yoldaşlarımıza (Mərakeş, Meksika, İrlandiya, İtaliya, İsveçrə, Fransa) iftar
süfrəsinin önəmi, Ramazan ayının gözəlliyini və Azərbaycan mətbəxini təbliğ
etmək idi məqsədimiz. Gözəl, yaddaqalan bir gün alınmışdı.
Ukraynadan sonra, 2019-cu ilin sonlarında, Humay Kolumbiyanın məşhur
Medellin şəhərində öz yeni humanitar missiyasına başladı. Tez-tez skype
üzərindən hal-əhval tuturduq. Şəkillərini facebook səhifəsində paylaşardı. Çox
gözəl yerlər idi. Özü də həmin ölkəni, şəhəri, oranın təbiətini və s. bəyəndiyini
deyirdi. Mən də, ispan dilini bilmədiyimə heyfislənirdim (həm də o gözəl təbiəti
olan yerlərdə missiya ala bilməməyimdən təəssüflənirdim).
Nəhayət sonuncu görüşümüz. Bakıda, 2020-ci il oktyabr ayının 26-da, bizim
evdə. Çoxdandır planlaşdırırdıq ki, hər ikimiz eyni zamanda, Bakıda məzuniyyətdə
olanda görüşək. Elə də oldu. Vətən müharibəsinin qızğın çağları idi. Təqribən 3
saat qonağım oldu Humay. Xeyli müzakirə etdik müharibənin gedişatını və s.
Ölkəmizə qarşı olan ədalətsizliyə, şəhidlərimizin sayına görə çox əsəbləşirdi. Hiss
edirdim ki, müharibənin gedişatına laqeyd qala bilmirdi. Neytral bir humanitar
təşkilatın əməkdaşı olmasına baxmayaraq, hərdən sosial şəbəkələrdə Vətən
müharibəmizə dair öz düşündüyü mövqeyini qətiyyətlə bildirirdi.
Həm mənim, həm də ailəm üçün çox gözəl və maraqlı bir gün olmuşdu həmin
görüşümüz. Bilməzdim ki, əziz dostumla bu, son görüşüm olacaq.
O görüşümüzdən sonra, yenə də sosial şəbəkələr üzərindən ünsiyyətimiz
davam edirdi.
Humayla son ünsiyyətim isə 2021-ci il martın 8-də, Beynəlxalq Qadınlar
günü münasibətilə ona WhatsApp üzərindən təbrik mesajım, onun da mənə
təşəkkür mesajı oldu.
Nəhayət, 2021-ci il martın 13-ü. Üstündən bir neçə gün keçib. Hələ də özümə
yer tapa bilmirəm. O gün, Slavyanskdakı ofisimizdə Ələsgəri gördüm. O da, çox
kədərli idi. Deyir ki, hərdən ağlamaq istəyirəm, özümü güclə saxlayıram. Humay,
xeyli xatırladıq səni Ələsgərlə, sənlə birgə keçirdiyimiz həmin o günlərin həsrətini
çəkdik.
Humayın dünyadan köçdüyü tarixdən düz 10 gün əvvəl, məni onun
Slavyanskda vaxtilə yaşadığı ünvanda yerləşdirdilər. Onun 1 il yaşadığı bu
ünvanda yaşamaq və belə bir dəhşətli xəbəri həmin o ünvanda eşitmək ikiqat çətin
oldu mənim üçün. Hər şey əziz dostum Humayı xatırladır bu mənzildə. İnanıram
ki, Humayın ruhu həmin mənzili dolaşır.
Humay quşu kimi uçub getdin əbədiyyətə, əziz dostum. Bu yazı isə, sadəcə
mənim xatirələrimdir, səninlə keçirdiyimiz o xoş, əziz günləri yada salmaqdır.
Allahdan istəyim odur ki, günahlarını bağışlasın və sənə rəhmət eləsin.
Valideynlərinə isə bol-bol səbr diləməkdən başqa əlimizdən bir şey gəlməz.
Ruhun şad olsun, yerin cənnət-məkan olsun.
Xatirəni qələmə aldı:
Bayram Vəliyev