“Huma Quşu” Təhsilə Yardım Fondunun ADPU-da təqdimatı olub
“Huma Quşu” Təhsilə Yardım Fondunun ADPU-da təqdimatı olub
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
Tədbirdə Pedaqoji Universitet və Fondun rəhbərliyi, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, eləcə də universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Fond Humay Quliyevanın xatirəsini və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədi ilə yaradılıb.
Tədbirə ev sahibliyi edən ADPU-un rektoru professor Cəfər Cəfərov universitet və fondun təhsil və mədəniyyət sahələrində vahid hədəflərindən və bu istiqamətdə reallaşdırılan layihələrdən danışıb. Tədbir Humayın dostları tərəfindən hazırlanmış “Yerin hər zaman görünəcək, Humay” filminin nümayişi və Fondun sədri Şəhla Vəzirovanın çıxışı ilə davam edib. Şəhla xanım fondun iki illik fəaliyyət dövrü ərzində 6 proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək, ictimaiyyətlə kommunikasiya prinsipləri, eləcə də aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması məqsədilə elan edilmiş ADA Universitetinin Təqaüd proqramı (3 qrant) və 2024-cü ilin Payız çağırışı formatında Kiçik qrantlar proqramında (3 qrant) iştirak qaydaları barədə təqdimat edib, sualları cavablandırıb. “Kiçik qrantlar” müsabiqəsinin qalibi Çinarə Qasımova “Huma Quşu” Fondunun onun həyatına və təhsilinə etdiyi dəyişikliklərdən danışıb.
Qeyd edək ki, Fond tərəfindən elan edilmiş müsabiqələr barədə məlumatlandırma formatlı təqdimatlar Fondun veb-səhifəsi və sosial şəbəkələrlə yanaşı, Azərbaycanın Macarıstandakı Səfirliyi, Avstriyadakı Mədəniyyət Mərkəzi, eləcə də ADA Universiteti, Bakı Slavyan Universiteti, UNEC, Xəzər Universiteti və başqa akademik auditoriyalarda da keçirilib.
Fond və müsabiqə barədə daha ətraflı məlumat fondun veb-səhifəsindən (https://humagushu.az/) əldə oluna bilər.