Humay Quliyevanın xatirə ağacı Bakı Avropa Liseyində
Bu gün Bakı Avropa Liseyinin məktəbyanı ərazisində Humay Quliyevanın xatirəsinə ağac əkilib. Bu ağacəkmə mərasimi “Huma Quşu” Təhsilə Yardım Fondu ilə Lisey arasında 2024-cü ildə “Qızıl Toxum” macəralı Novruz tamaşası (https://shorturl.at/xJcmT) ilə başlayan əməkdaşlığın gözəl davamı olub.
Humayın çox sevdiyi bu Sakura ağacı Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin həyətindən, üzərində “Həmkarımız Humayın əziz xatirəsinə” yazısı ilə birlikdə Bakı Avropa Liseyinə gətirilib və burada yeni evinə qovuşub.
Mərasimdə iştirak edən Liseyin müəllim heyəti, şagirdləri və Fondun nümayəndələri Humayın xatirəsini ehtiramla yad ediblər.
“Huma Quşu” Təhsilə Yardım Fondu başda Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova olmaqla bütün kollektivə istedadlı gənclərin təhsilinə verdikləri dəstək və Liseyin məzunu olan Humay Quliyevanın xatirəsini belə dəyərli şəkildə yaşatdıqları üçün dərin təşəkkür edir.