“Huma Quşu” Fondu tələbələr üçün “Maliyyə savadlılığı” seminarı keçirib

“Huma Quşu” Təhsilə Yardım Fondu tələbələrin fərdi və peşəkar inkişafına dəstək məqsədilə növbəti maarifləndirici layihəsini reallaşdırıb.

Fondun təşkilatçılığı ilə onlayn formatda baş tutan seminar “Maliyyə savadlılığı” mövzusuna həsr olunub. Təlimin əsas məqsədi gənclərə şəxsi büdcənin düzgün idarə edilməsi vərdişlərini aşılamaq və bu bacarıqların gələcək karyera yüksəlişindəki rolunu izah etmək olub.

Seminar sahə üzrə tanınmış mütəxəssislər – "AccessBank"ın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova və "Yelo Bank"ın İnkişaf və İstedadların idarə edilməsi şöbəsinin rəhbəri Aysel Quluyeva-Verdizadə tərəfindən aparılıb.

Təlim müddətində tələbələrə maliyyə planlaması, qənaət üsulları və effektiv büdcə idarəçiliyi barədə faydalı məsləhətlər verilib. Eyni zamanda, iştirakçılara Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə savadlılığına dair elektron resursları təqdim olunub. İnteraktiv keçən görüşün sonunda təlimçilər tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıblar.

“Huma Quşu” Təhsilə Yardım Fondu gənclərə həm maddi, həm də intellektual dəstək verməyə davam edəcək.