“Gəl səndən danışaq, Humay”: Musiqinin və xatirələrin dilində canlanan ömür yolu
Azərbaycan Milli Konservatoriyasının və “Huma Quşu” Təhsilə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Gəl səndən danışaq, Humay” adlı xatirə gecəsi keçirilib.
Tədbirin məqsədi zəngin ruhlu, yüksək intellektli və unikal ünsiyyət bacarığına malik dünya vətəndaşı Humay Quliyevanın obrazını bir-birini əvəzləyən və bir-biri ilə səsləşən xatirələr, Humayın yazıları, Humaya həsr olunmuş mahnı və Humayın sevərək oxuduğu Azərbaycan və xarici musiqilər vasitəsilə mümkün qədər tam şəkildə gənclər auditoriyasına təqdim etmək olub.
Tədbirdə AMK rəhbərliyi, müəllim-tələbə heyəti, Fondun üzvləri, Humayı yaxından tanıyan doğmaları, dostları, həmkarları və media nümayəndələri iştirak edib.
Milli Konservatoriyanın rektoru, professor Kamilə Dadaşzadə və “Huma Quşu” Fondunun prezidenti Şəhla Vəzirovanın çıxışları, “Humayla birgə oxuyaq”, “Humayı xatırlayarkən” formatlarındakı çıxışlar, eləcə də Humayın yazısına bəstələnmiş mahnı səsləndirilib, AMK tərəfindən hazırlanmış videotəqdimat nümayiş olunub.
“Huma Quşu” Təhsilə Yardım Fondu verdiyi böyük dəstəyə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə, Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimova, Azərbaycan Respublikasının Əməkdar artistləri Elnur Əhmədov və Emil Əfrasiyaba, musiqişünas Şəfaqət Məmmədovaya, AMK tələbələri vokalçılar Azər Çələbiani, Sevil Əsədullayeva, Araz İmanov, Aydan Salahova və Ülkər Abdullayevaya, kamança ifaçısı Reza Mohammediyə, fortepiano ifaçıları Cəlal Səmədov və Əməkdar müəllim Naibə Şahməmmədovaya, nağara ifaçıları Siyavuş Kərimov və Səyyar Teymurova, bas gitaraçı Kənan Sadıqova, Humayın şeirinə bəstələnmiş mahnının müəllifi Pikə Axundovaya və mahnının ifaçıları Nuray Hacızadə, Leyla Abdulrəhimova və Fatimə Əlizadəyə, eləcə də bütün tədbir iştirakçılarına xatirə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərindən təşəkkür edir.
Tədbirdə Humayın dostları Xumar Hüseynova və Leyla Cahangirova, BP və BQXK müxtəlif ölkələrdə nümayəndəliklərinin əməkdaşları Kler Bebbinqton, Samir Hacımustaviç, Katerin Po, Silvia İzzo, Katia Gia Katerina, Tanya Braun öz xatirələrini səsləndiriblər.