“Humayın təhsil ADAsı” təqaüd müsabiqəsinin ilk mərhələsi yekunlaşıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun ADA Universitetində magistr təhsili almaq istəyən tələbələr üçün elan etdiyi “Humayın təhsil ADAsı” təqaüdü proqramı üzrə seçim prosesi davam edir.
Müsabiqənin ilk mərhələsi olan “Təqdim olunan sənədlərin müzakirəsi” uğurla başa çatıb. Bu mərhələdə əsas diqqət müraciət formalarının düzgün doldurulmasına, tələb olunan sənədlərin tamlığına və namizədlərin proqramın müəyyən etdiyi meyarlara uyğunluğuna yetirilib.
Təqaüd proqramına ümumilikdə 14 ilkin müraciət daxil olub. Sənədlərin həm texniki, həm də məzmun baxımından ətraflı yoxlanılmasından sonra, şərtlərə cavab verən 8 nəfər növbəti seçim mərhələsinə keçmək hüququ qazanıb.
Xatırladaq ki, “Humayın təhsil ADAsı” proqramı çərçivəsində seçiləcək 3 nəfər tələbənin hər birinə 5000 AZN məbləğində maliyyə dəstəyi göstəriləcək. Proqram Humay Quliyevanın xatirəsini yaşatmaq və yüksək akademik göstəricilərə malik gənclərin təhsilinə töhfə vermək məqsədi daşıyır.
Fond növbəti mərhələyə vəsiqə qazanmış bütün namizədlərə uğurlar arzulayır. Seçim prosesinin növbəti turları və nəticələrlə bağlı məlumatlar mütəmadi olaraq Fondun rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılacaq.