Şəhla Vəzirova Silahlı Qüvvələr Günü münasibətilə video müraciət yayımlayıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə video təbrik ünvanlayıb.
Fond rəhbəri müraciətində xalqımıza Zəfər qürurunu yaşadan rəşadətli Azərbaycan Ordusunun əsgər və zabit heyətini bayram münasibətilə təbrik edib. Şəhla Vəzirova, həmçinin rəhbərlik etdiyi təşkilatın müharibə iştirakçıları ilə keçirdiyi onlayn görüşün xoş təəssüratlarını bölüşüb.
Video müraciətdə Fondun prioritet fəaliyyət istiqamətlərindən biri olan “Qazilərə dəstək proqramı” haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, proqram çərçivəsində qazilərin təhsilinə və fərdi inkişafına yönələn mühüm layihələr icra edilməkdədir və bu istiqamətdə gələcək planların miqyası daha da genişləndiriləcək.
Təbrik videosunda həmçinin duyğulu anlar yaşanıb. Belə ki, müraciətdə Fondun fəaliyyətinə ilham verən əziz Humay Quliyevanın Vətən müharibəsinin gedişatı dövründə öz "Facebook" hesabında yayımladığı vətənpərvər ruhlu paylaşımı səsləndirilib. Humay Quliyevanın Azərbaycan əsgərinə və dövlətinə olan sonsuz inamını əks etdirən bu qeydlər Fondun bu gün reallaşdırdığı xeyriyyəçilik missiyasının mənəvi əsasını təşkil edir.
“Huma Quşu” Təhsilə Yardım Fondu bir daha şanlı ordumuzun qəhrəmanlarını təbrik edir və Vətən naminə xidmətlərində uğurlar arzulayır.