“Huma Quşu” Təhsilə Yardım Fondunun 2026-cı ilin ilk yarımili üzrə hesabatı
2026-cı ilin ilk 6 ayı “Huma Quşu” Təhsilə Yardım Fondu üçün yeni coğrafiyalar, genişmiqyaslı yeni təqaüd elanları, uğurlu tərəfdaşlıqlar və tələbələrin beynəlxalq nailiyyətləri ilə yadda qalıb.
Yanvar ayında Fondun prioritet istiqamətlərindən olan “Qazilərin İT təhsilinə dəstək proqramı” uğurla davam etdirilib. Müharibə iştirakçılarının müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyası istiqamətində ilboyu qəbul prosesi həyata keçirilir.
Yanvarın 15-də ADA Universiteti ilə birgə magistr təhsili almaq istəyən gənclər üçün “Humayın təhsil ADAsı” təqaüd proqramı elan olunub. Aprel ayında İT və mühəndislik ixtisaslarının da əlavə edilməsi ilə əhatə dairəsi genişləndirilən bu müsabiqə iyun ayında yekunlaşıb: Sürəyya İslamova və Rüstəm Əmirov müsabiqənin qalibi olub, Aytac Səmədova “Cəsarət qrantı”na layiq görülüb, Ayşə Bəşirli isə İstedadlı Gənclərin Çoxpilləli Təhsilinə Dəstək Proqramına yönləndirilib.
Yanvarın 30-da “Xəyaldan gerçəyə - Payız çağırışı” təqaüd müsabiqəsinin yekunlarına əsasən 5 iştirakçı qalib elan edilərək ümumilikdə 14 000 AZN təqaüdlə mükafatlandırılıb. Qaliblərdən Zeynəb Məmmədova əlavə olaraq 1500 AZN məbləğində “Cəsarət qrantı” alıb.
Fevral ayında Fond tələbələrin şəxsi və peşəkar inkişafına töhfə vermək məqsədilə fəaliyyətini genişləndirib. AccessBank və Yelo Bankın mütəxəssislərinin iştirakı ilə onlayn formatda “Maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub.
Mart ayında Fond iki böyük mənəvi layihəyə imza atıb. Azərbaycan Milli Konservatoriyasının tələbə və təşkilatçı heyəti ilə İftar süfrəsi ətrafında bir araya gəlinib və martın 12-də Humay Quliyevanın əziz xatirəsinə həsr olunmuş “Gəl səndən danışaq, Humay...” adlı xatirə gecəsi keçirilib.
Yarımil ərzində Fond gənclərin inkişafı üçün yeni tərəfdaşlıqlar qurub. Mart ayında süni intellekt və innovativ layihələrin icrası məqsədilə Div Academy ilə, may ayında isə regional inkişaf və təlimlərin təşkili istiqamətində “100girlsofazerbaijan” (YAQ) sosial təşəbbüsü ilə əməkdaşlıq memorandumları imzalanıb.
Aprel ayında Fond fəaliyyət coğrafiyasını genişləndirərək Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təqdimat mərasimi keçirib. Regional təhsilə böyük töhfə olacaq yeni “Humayın Qarabağ qrantı” proqramı elan edilib.
Mayın 1-də gənclər üçün növbəti böyük fürsət — Azərbaycanda və xaricdə bakalavr, magistr, PhD təhsili alan və ya almaq istəyən şəxslər üçün Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin yeni çağırışı elan olunub.
Bu dövrdə Fondun təqaüdçülərinin qlobal uğurları qeydə alınıb. “Qızların STEM-də yüksəlişi” təqaüdçüsü Nurlanə Hümbətova dünyanın ən rəqabətli proqramlarından olan BIOPHAM Erasmus Mundus üzrə tam təqaüd qazanıb. "Xəyaldan gerçəyə" proqramının qalibi Cavidan Nəsirli isə dünyanın nüfuzlu elm ocaqlarından olan KAUST-un magistr və PhD pilləsinə qəbul alıb.
26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində isə Fondun komandası “Qazilərin İT təhsilinə dəstək proqramı” çərçivəsində təhsil alan qəhrəmanlarla onlayn görüş keçirib.
Qeyd edək ki, hazırda Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsi üzrə ərizələrin qəbulu başa çatıb, seçim mərhələsi davam edir və nəticələr iyulun sonlarında açıqlanacaq.