“Huma Quşu” Fondunun təqaüdçüləri üçün xaricdə təhsil üzrə özəl vebinar baş tutub
“Huma Quşu” Təhsilə Yardım Fondu təqaüdçülərinin akademik və peşəkar inkişafına dəstək olmaq missiyasını davam etdirir. Bu çərçivədə Fondun təqaüdçüləri üçün xaricdə təhsil imkanlarına, müraciət strategiyalarına və akademik planlamaya həsr olunmuş qapalı vebinar keçirilib.
Onlayn formatda baş tutan görüşdə təhsil sahəsində zəngin təcrübəyə malik ekspertlər — BEIC-in xaricdə təhsil üzrə mütəxəssisi Mehin Məmmədli və Kaliforniya Universitetinin (UC Davis) Valideyn və Tələbə Əlaqələri üzrə direktor müavini Ramina Mürşüdova öz zəngin təcrübələrini gənclərlə bölüşüblər.
Vebinar zamanı aşağıdakı istiqamətlər diqqət mərkəzində saxlanılıb və gənclərin sualları ətraflı cavablandırılıb:
* Xaricdə təhsilə hazırlıq mərhələləri və strateji planlama;
* Xarici universitetlərə müraciət qaydaları və tələb olunan vacib sənədlər;
* Uğurlu motivasiya məktubunun yazılma qaydaları;
* Mövcud təqaüd imkanları və maliyyə dəstəyi mexanizmləri;
* Xaricdə tələbə həyatı və adaptasiya mərhələsi.
Görüş təqaüdçülərin fəal iştirakı və ünvanladıqları suallarla interaktiv şəraitdə keçib.
Dəyərli töhfələrinə və gənclərin inkişafına verdikləri dəstəyə görə hər iki ekspertə dərin təşəkkürlərimizi bildiririk.