“Səsimiz səsindir, Humay!” yaradıcılıq axşamında nümayiş olunacaq əsərlərin kataloqu təqdim edilib
“Huma Quşu” Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə noyabrın 14-də keçiriləcək “Səsimiz səsindir, Humay!” adlı yaradıcılıq axşamı çərçivəsində təşkil olunacaq xeyriyyə sərgi-satışında nümayiş etdiriləcək əsərlərin kataloqu ictimaiyyətə təqdim edilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq tədbirdə tanınmış rəssamların əsərlərindən ibarət sərgi-satış təşkil olunacaq. Əsərlərin satışından əldə edilən vəsait istedadlı gənclərin təhsilinə dəstək məqsədilə yönəldiləcək.
Sərgidə autizm spektrli istedadlı uşaq və gənclərin yaradıcılıq nümunələrinə də xüsusi yer ayrılacaq. Onların əsərlərinin satışından əldə olunan vəsait tam şəkildə müəlliflərin özlərinə təqdim edilərək yaradıcılıq imkanlarının davamlı inkişafına dəstək göstəriləcək.
Sərgidə nümayiş olunacaq əsərlərin elektron kataloqu ilə əvvəlcədən tanış olmaq mümkündür. İncəsənətsevərlər kataloq vasitəsilə əsərləri nəzərdən keçirə, bəyəndikləri yaradıcılıq nümunələrini seçərək xeyriyyə təşəbbüsünə qoşula bilərlər.
Sərgi kataloqu ilə tanış olmaq üçün: https://go.fliplink.me/view/FEEEAF5E-FB44-4AE4-97DA-B2C381C3A0B3
Qeyd edək ki, “Səsimiz səsindir, Humay!” yaradıcılıq axşamı 14 noyabr 2026-cı il tarixində, saat 17:00-20:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qış zalında keçiriləcək.