“Səsimiz səsindir, Humay!” – Musiqi və xeyriyyəçilik bir araya gəldi

Noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Huma Quşu” Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə artıq ənənəyə çevrilmiş “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə gecəsi keçirilib.

İstedadlı gənclərin təhsilinə dəstək məqsədi daşıyan yaradıcılıq axşamı musiqi, incəsənət və xeyriyyəçiliyi bir araya gətirib. Tədbirdə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, qazilər, magistrlər və tələbələr, Fondun dostları, təəssübkeşləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Xeyriyyə gecəsində Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalov və onun yetirmələrinin iştirakı ilə zəngin musiqi proqramı təqdim olunub. İfaçılar çıxışlarını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə ediblər. Orkestrə dirijor Mustafa Mehmandarov rəhbərlik edib.

Tədbir çərçivəsində Azərbaycanın tanınmış rəssamlarının, eləcə də inkişaf xüsusiyyətləri olan uşaq və gənclərin yaradıcılıq nümunələrindən ibarət sərgi-satış təşkil olunub. Sərgi xeyriyyə gecəsinin incəsənət və sosial həmrəylik istiqamətlərini birləşdirən mühüm hissələrindən biri olub.

Tədbirdə çıxış edən “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova Fondun yaranma tarixindən, məqsədlərindən və fəaliyyət istiqamətlərindən danışıb.

Şəhla Vəzirova bildirib ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq, onun üçün xüsusi əhəmiyyət daşıyan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və digər mənəvi dəyərləri cəmiyyətə aşılamaq məqsədilə yaradılıb. Fondun dəyərləri və fəaliyyət prinsipləri barədə məlumat verən Şəhla Vəzirova qazilərin və tələbələrin təhsilinə dəstək istiqamətində görülən işlərdən söz açıb. O, “Humayın Qarabağ qrantı” da daxil olmaqla Fond tərəfindən təsis edilmiş 11 proqram, bu proqramların həyata keçirilməsində ianələrin əhəmiyyəti və Fondun dəstəyindən yararlanan tələbələrin qazandıqları uğurlar barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, xeyriyyə gecəsində biletlərin və rəsm əsərlərinin satışından, eləcə də edilən ianələrdən toplanan vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin ali təhsilinin dəstəklənməsinə yönəldiləcək.

“Huma Quşu” Təhsilə Yardım Fondu xeyriyyə gecəsinin təşkilinə və keçirilməsinə göstərilən dəstəyə görə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına və iTicket.az şirkətinə təşəkkürünü bildirir.

Fond, həmçinin yüksək peşəkarlığı və tədbirə təmənnasız dəstəyinə görə Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinə və onun rəhbəri Mustafa Mehmandarova dərin minnətdarlığını ifadə edir.

Azər Zeynalovun yetirmələri olan və ustadlarından mənimsədikləri xeyriyyəçilik ənənəsini davam etdirən ifaçılar Taleh Yahyayev, Sərxan Bünyadzadə, Nihad Orucov, Fərid Zeynalov və İsmayıl Zeynalova, sərgidə iştirak edən rəssamlara, tədbirin aparıcısı Şəfaqət Məmmədovaya, eləcə də xeyriyyə gecəsinə dəstək göstərən bütün iştirakçılara təşəkkür olunur.

Qeyd edək ki, artıq ənənə halını almış “Səsimiz səsindir, Humay!” xeyriyyə gecəsi bu dəfə də incəsənətin insanları xeyirxah məqsəd ətrafında birləşdirmək gücünü nümayiş etdirib.