Huma Quşu: Xeyriyyə səsindən təhsil işığına

Humay Quliyeva istedadlı gənclərin xəyallarının gerçəkləşməsinə yardımını davam edir

Bildirdiyimiz kimi, noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Huma Quşu” Təhsilə Yardım Fondu (Fond) tərəfindən “Səsimiz səsindir, Humay!” adlı artıq ənənə halını almış xeyriyyə gecəsi keçirilib.

Tədbirdə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, qazilər, magistr və tələbələr, Fondun dostları, təəssübkeşləri və media təmsilçiləri iştirak edib.

Xeyriyyə gecəsində bilet və rəsmlərin satışı, eləcə də edilmiş ianələrdən 22313 ₼ toplanılıb (bilet satışından - 13373 ₼, ianələrdən - 6900 ₼, rəsm əsərlərinin satışından - 1600 ₼ və uşaqların əsərlərinin satışından - 440 ₼). Vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin ali təhsilinin dəstəklənməsinə yönləndiriləcək. İnkişaf xüsusiyyətləri olan uşaqların rəsm əsərlərindən əldə edilmiş vəsait tam şəkildə özlərinə təqdim olunub.

“Huma Quşu” Təhsilə Yardım Fondu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, i-ticket.az şirkətinə, yüksək peşəkarlıq və tədbirə təmənnasız dəstəyinə görə Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestri və onun rəhbəri Mustafa Mehmandarova, Azər Zeynalovun yetirmələri olan və ustadlarından qəbul etdikləri xeyriyyəçilik ənənəsini davam etdirən ifaçılar Taleh Yahyayev, Xalid Hacıyev, Nihad Orucov, Fərid Zeynalov və İsmayıl Zeynalova, rəssamlar Soltan Soltanlı, Namiq İsmayılzadə, Pəri Miniatür, Eldar Babazadə, Elşən Karaca, Sakina Cəfərli, Elturan Avalov, Aqil Haşımov, Röya Həsən, Elminaz Qəhrəmanova, Rahim İbrahimov, Könül Hüseynzadə və Cəmilə Həşimovaya, xeyriyyə sərgi-satışının təşkilinə verdiyi dəyərli töhfəyə görə Fondun Himayəçilik Şurasının üzvü Səidə Abdullayevaya, sərgidə nümayiş olunan əsərlərin elektron kataloqunun hazırlanmasında göstərdiyi peşəkar yanaşmaya görə dizayner Aniko Əliyevaya, tədbirin aparıcısı Şəfaqət Məmmədovaya, eləcə də bütün tədbir iştirakçılarına xeyriyyə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərindən təşəkkür edir.

“Huma Quşu” Təhsilə Yardım Fondu tədbiri öz rəsm əsərləri ilə zənginləşdirən və özəl ab-hava formalaşdıran Məryam Şıxəlizadə, Fəxriyyə Köçərlinskaya, Filipp Savin və Rəsul Rəhimliyə xüsusi təşəkkürünü bildirir.

“Huma Quşu” Təhsilə Yardım Fondu və tədbir barədə ətraflı məlumat təşkilatın veb-səhifəsindən https://humagushu.az/ əldə oluna bilər.