“Humayın Qarabağ təqaüdü” müsabiqəsinin ilk seçim mərhələsi yekunlaşıb

“Huma Quşu” Təhsilə Yardım Fondunun Qarabağ Universitetinin tələbələri üçün elan etdiyi “Humayın Qarabağ təqaüdü” müsabiqəsi üzrə ilk seçim mərhələsi – “Təqdim olunan sənədlərin müzakirəsi” yekunlaşıb.

Müsabiqə çərçivəsində Fonda ümumilikdə 104 müraciət daxil olub. Təqaüd proqramının yalnız Qarabağ Universitetinin tələbələri üçün nəzərdə tutulmasına baxmayaraq, digər ali təhsil müəssisələrinin tələbələrindən də xeyli sayda müraciət daxil olduğu müəyyən edilib.

Fond həmin tələbələrə noyabrın 1-dən start götürən Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinə müraciət etməyi tövsiyə edir. Müsabiqə haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://shorturl.at/7hMqS

İlkin seçim zamanı müşahidə olunan digər əsas problem namizədlərin böyük bir qisminin tələb olunan sənədləri düzgün və müsabiqənin şərtlərinə uyğun şəkildə təqdim etməməsi olub.

Fondun Himayəçilik Şurası tərəfindən təqdim olunan sənədlərin texniki və məzmun baxımından qiymətləndirilməsi nəticəsində 104 namizəddən yalnız 19-u müsabiqənin növbəti mərhələsinə keçmək imkanı qazanıb.

Fond bir daha namizədlərin diqqətinə çatdırır ki, təqaüd müsabiqələrində iştirak üçün elan edilmiş şərtlərlə diqqətlə tanış olmaq, tələb olunan sənədləri tam və düzgün şəkildə təqdim etmək mühüm əhəmiyyət daşıyır.

Təqaüd müsabiqəsinə müraciət qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://shorturl.at/X6kLb

“Huma Quşu” Təhsilə Yardım Fondu növbəti mərhələyə keçən bütün namizədləri təbrik edir və onlara uğurlar arzulayır.

Seçim prosesinin gedişi və növbəti mərhələlərlə bağlı məlumatlar Fondun rəsmi informasiya kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.