“Səsimiz səsindir, Humay!” xeyriyyə gecəsi İctimai TV və “525-ci qəzet”də işıqlandırılıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə gecəsi ölkənin aparıcı media qurumlarının diqqət mərkəzində olub.
İctimai Televiziya istedadlı gənclərin təhsilinə dəstək məqsədi daşıyan yaradıcılıq axşamı haqqında xüsusi süjet hazırlayaraq yayımlayıb.
Süjetdə musiqi, incəsənət və xeyriyyəçiliyi bir araya gətirən tədbirin məqsədi və əhəmiyyəti, gecə çərçivəsində təqdim olunan musiqi proqramı, eləcə də təşkil edilən xeyriyyə sərgi-satışı barədə məlumat verilib.
İctimai TV-nin əməkdaşları “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirovadan və tələbələrdən müsahibələr alıblar. Müsahibələr vasitəsilə Fondun fəaliyyət istiqamətləri, gənclərin təhsilinə dəstək təşəbbüsləri və bu dəstəyin əhəmiyyəti izləyicilərin diqqətinə çatdırılıb.
Süjetdə, həmçinin Humay Quliyevanın xatirəsini və onun yaşatdığı xeyirxahlıq dəyərlərini gələcəyə daşıyan “Səsimiz səsindir, Humay!” yaradıcılıq axşamının mahiyyəti işıqlandırılıb. Tədbirin istedadlı gənclərin təhsil imkanlarının genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
İctimai TV-nin hazırladığı süjeti təqdim edirik:
Xeyriyyə gecəsi haqqında “525-ci qəzet” də geniş material dərc edib. Nəşrdə tədbirin məqsədi, təqdim olunan musiqi proqramı, təşkil edilən xeyriyyə sərgi-satışı, eləcə də Fondun fəaliyyəti və təhsil proqramları barədə məlumat verilib.
Materialda “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirovanın çıxışına da yer ayrılıb. Fondun Humay Quliyevanın xatirəsini və onun yaşatdığı dəyərləri gələcəyə daşımaq məqsədilə yaradıldığı, qazilərin və tələbələrin təhsilinə dəstək istiqamətində 11 proqram həyata keçirdiyi diqqətə çatdırılıb.
Həmçinin xeyriyyə gecəsində bilet və rəsm əsərlərinin satışından, eləcə də ianələrdən toplanan vəsaitin aztəminatlı ailələrdən olan istedadlı gənclərin ali təhsilinə yönəldiləcəyi vurğulanıb.
“525-ci qəzet”də dərc olunan materialla aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://525.az/news/343087-sesimiz-sesindir-humay--musiqi-ve-xeyriyyecilik-bir-araya-geldi
“Huma Quşu” Təhsilə Yardım Fondu xeyriyyə təşəbbüsünün ictimaiyyətə çatdırılmasına göstərdikləri diqqət və informasiya dəstəyinə görə İctimai Televiziyaya və “525-ci qəzet”ə təşəkkürünü bildirir.