2022-ci il “Huma Quşu” Fondu üçün nələrlə yadda qaldı?
Bu il iyun ayının 30-da Humay Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə “Huma Quşu” Fondu təsis edildi. 17 noyabrda “Huma Quşu” Təhsilə Yardım Fondunun ictimaiyyətə təqdimat mərasimi keçirildi. Tədbirdə Humayın yaxınları, dostları, ADA Universitetinin tələbələri, akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, eləcə də media təmsilçiləri iştirak etdi. “Huma Quşu” Fondu fəaliyyət göstərdiyi çox qısa vaxt ərzində bir çox vacib layihəyə imza atdı. Maddi cəhətdən imkansız, lakin istedadlı bir neçə gənc fondun maliyyə dəstəyi ilə Azərbaycanda və ölkə xaricində təhsil almaq imkanı qazandı. “İkinci Qarabağ Müharibəsi qazilərinin informasiya texnologiyaları üzrə təhsilinə dəstək” layihəsi çərçivəsində “STEP IT Academy”nin 3 aylıq kursunda təhsil almaq üçün maliyyə dəstəyi verildi. Qazilərimiz kursları uğurla başa vurdu. Bu layihə çərçivəsində 1 nəfər “STEP IT Academy”-də 2 il yarımlıq proqramda, 1 nəfər isə 3 aylıq kursda təhsilə başlayıb. Bundan başqa 1 nəfər müalicədə olan qazinin təhsili üçün Bakı Dizayn Akademiyası ilə müqavilə imzalanıb, daha 1 nəfər avqust ayında MilliSoft şirkətinin 8 aylıq kursunda təhsilə başlayıb. Həmçinin Ranal Qurbanovun Türkiyənin Qazi Universitetinin Tibb fakültəsində təhsil almaq üçün təhsil və yaşamaq xərcləri tam qarşılanıb. “2023-2024-cü illər üçün ADA Universitetinin magistratura proqramında təhsilə dəstək” layiəmiz çərçivəsində isə magistratura pilləsində təhsil hüququ qazanmış 3 nəfərə maliyyə dəstəyi veriləcək.