“Huma Quşu” Təhsilə Yardım Fondunun BSU-da təqdimatı olub

Bakı Slavyan Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib.


Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, komitə xətti ilə Kolumbiyanın Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.


Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev fondun və universitetin təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən danışıb, təhsilə yardım göstərən ictimai institut və xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib. Tədbirdə Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.


Təqdimat mərasimində “Huma quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova və Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-ilin magistr təqaüd proqramından danışıb. MilliSoft şirkətinin Huma Quşu Fondunun veb-səhifəsinin hazırlanması üzrə işçi qrupunun üzvləri fondun şirkət tərəfindən hazırlanan və dəstəklənməsi davam etdirilən vebsaytını təqdim edib. “Huma Quşu” Fondunun nümayəndəsi Səidə Abdullayeva fondun təqdim etdiyi imkanların qazilərin həyatına təsirindən və cəmiyyətə inteqrasiya imkanlarından danışıb. Tədbir auditoriyanın çoxsaylı suallarının cavablandırılması ilə davam edib.


Qeyd edək ki, fondun fəaliyyəti barədə ətraflı məlumat və proqramlarda iştirak üçün ərizə forması Fondun Facebook səhifəsində və humagushu.az saytında yerləşdirilib.