“Huma Quşu” Fondu Qarabağ Universitetində: “Humayın Qarabağ qrantı” müsabiqəsi elan olundu
Aprelin 16-da Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər. Görüşün açılışında çıxış edən Qarabağ Universitetinin İncəsənət Fakültəsinin dekanı Türkər Qasımzadə Fondun həyata keçirdiyi layihələrin tələbələr üçün yaratdığı geniş imkanlar və perspektivlərdən bəhs edib.
Fondun Prezidenti Şəhla Vəzirova təşkilatın üç il yarımlıq fəaliyyəti barədə geniş məlumat verib. O qeyd edib ki, Fond Humay Quliyevanın xatirəsini əbədiləşdirmək, eləcə də onun sahib olduğu xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik və cəsarət kimi dəyərləri gənc nəslə aşılamaq məqsədi daşıyır.
Ş.Vəzirova bildirib ki, Fondun ötən müddətdə icra etdiyi 10 proqram çərçivəsində 55 qazi və tələbənin təhsilinə dəstək göstərilib. Tədbir çərçivəsində “Humayın Xəyaldan gerçəyə qrantı” və “Humayın Təhsil ADAsı” proqramları barədə məlumatlar təqdim edilib.
Tədbirin ən önəmli məqamlarından biri isə yeni təsis edilən “Humayın Qarabağ qrantı” müsabiqəsinin elan olunması olub.
Tədbirdə Humay Quliyevanın TEDx formatında “Cəsarətin vacibliyi” mövzusundakı çıxışının nümayişi iştirakçılara duyğulu anlar yaşadıb. Fondun təqaüdçüsü, Qarabağ Universitetinin müəllimi Ayşə Nərimanova çıxış edərək, “Huma Quşu” Fondunun onun həyatında açdığı yeni imkanlardan və qazandığı uğurlardan danışıb.
Səmimi və interaktiv formatda keçən təqdimat mərasimi Qarabağ Universitetinin İncəsənət Fakültəsinin tələbələrinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, “Huma Quşu" Fondunun fəaliyyəti və elan edilmiş müsabiqələr barədə məlumatlandırma formatlı təqdimatlar Azərbaycanın Macarıstandakı Səfirliyi, Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi, Londondakı World Heart Beat Embassy Gardens, eləcə də ADA Universiteti, Bakı Slavyan Universiteti, UNEC, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər akademik auditoriyalarda keçirilib.
Ətraflı məlumat üçün humagushu.az saytına daxil ola bilərsiniz.