“Huma Quşu” Fondu ilə “Yüzlərlə Azərbaycan Qızı” təşkilatı arasında əməkdaşlıq qurulur
“Huma Quşu” Təhsilə Yardım Fondu ilə “100 Girls of Azerbaijan” (Yüzlərlə Azərbaycan Qızı — YAQ) sosial təşəbbüs qrupu arasında birgə tərəfdaşlıq görüşü keçirilib. Görüşdə gənclərin təhsil imkanlarının genişləndirilməsi və fərdi inkişafı istiqamətində real layihələrin icrası müzakirə olunub.
Onlayn formada baş tutan görüşdə hər iki təşkilatın rəhbərliyi və nümayəndələri iştirak ediblər. YAQ sosial təşəbbüsünün təsisçisi Rezida Rzayeva “Huma Quşu” Fondunun yarandığı ilk gündən etibarən Humay Quliyevanın xatirəsinə əsaslanan humanist missiyasını yaxından izlədiklərini bildirib. O, gənclərin təhsilinə töhfə vermək hədəfinin hər iki qurumu birləşdirən əsas dəyər olduğunu vurğulayıb.
Səmimi və işgüzar mühitdə keçən müzakirələrdən sonra tərəflər fəaliyyətlərinin kəsişdiyi sahələri müəyyənləşdiriblər. Əməkdaşlıq çərçivəsində yaxın müddətdə icra olunacaq fəaliyyət istiqamətləri müəyyən edilib:
- “Huma Quşu” Təhsilə Yardım Fondunun təhsil layihələrinin və imkanlarının YAQ auditoriyasına çatdırılması üçün xüsusi təqdimatların keçirilməsi;
- Gənclərin müasir dövrün tələblərinə uyğun formalaşması məqsədilə “Maliyyə savadlılığı”, “Etika və etiket” və “Karyera yüksəlişi” mövzularında təlim proqramlarının təşkili;
- Fond tərəfindən dövri olaraq elan edilən təqaüd və qrant müsabiqələrində YAQ şəbəkəsinə daxil olan fəal gənclərin iştirakının stimullaşdırılması;
- YAQ-ın bölgələrdə həyata keçirdiyi görüş, seminar və təlimlərə Huma Quşu Fondu tərəfindən tərəfdaşlıq dəstəyinin verilməsi.
Görüşün sonunda tərəflər bu tərəfdaşlığın Azərbaycanda gənclərin inkişafında uğurlu bir nümunə olacağına əminliklərini ifadə ediblər. Birgə fəaliyyət planının icrasına tezliklə start veriləcək.