“Humayın Xəyaldan Gerçəyə” təqaüd müsabiqəsinin ilk seçim mərhələsi yekunlaşıb
“Huma Quşu” Təhsilə Yardım Fondunun Azərbaycanda və xaricdə bakalavr, magistr, həmçinin PhD pillələri üzrə təhsil alan və ya almaq istəyən gənclər üçün elan etdiyi “Humayın Xəyaldan Gerçəyə” təqaüd müsabiqəsinin ilk mərhələsinə yekun vurulub.
Müsabiqənin ilkin mərhələsi olan “Təqdim olunan sənədlərin müzakirəsi” uğurla tamamlanıb. Statistika göstərir ki, təqaüd proqramına ümumilikdə 74 nəfər müraciət ünvanlayıb. Lakin təəssüf ki, sənədlərin düzgün olmaması səbəbindən müraciətlərin 45 %-i ilkin mərhələdə rədd edilməli olub.
Fondun Himayəçilik Şurası tərəfindən daxil olan sənədlərin texniki və məzmun baxımından ətraflı yoxlanılmasından sonra, ümumi namizədlərdən 41-i növbəti seçim mərhələsinə vəsiqə qazanıb.
Bu mərhələdə qiymətləndirmə aparılarkən müraciət formalarının düzgün doldurulması, tələb olunan sənədlərin tamlığı və proqramın müəyyən etdiyi əsas müsabiqə şərtlərinə uyğunluq əsas meyarlar kimi rəhbər tutulub.
“Huma Quşu” Təhsilə Yardım Fondu növbəti mərhələyə keçən bütün namizədlərə uğurlar arzulayır. Seçim prosesinin digər mərhələləri və nəticələrlə bağlı yenilikləri Fondun rəsmi internet resursları və sosial media kanalları vasitəsilə izləmək mümkündür.