Təqaüd müsabiqəsinə müraciətlə bağlı MÜHÜM BİLDİRİŞ
“Huma Quşu” Təhsilə Yardım Fondu təqaüd proqramlarına müraciət edən namizədlərin sayının sürətlə artmasını nəzərə alaraq ərizəçilərə mühüm xəbərdarlıq edir. Bütün müraciətlər ilkin seçim, müzakirə və müsahibə mərhələlərindən keçərək qiymətləndirilir və yekun qərar qəbul edilir. Lakin ərizələrin təqdim olunma mərhələsində sənədlərin düzgün tərtib edilməməsi, elektron poçt və rabitə kanalları vasitəsilə eyni məlumatların, natamam mətnlərin və təkrarlanan sualların dəfələrlə göndərilməsi halları müşahidə olunur.
Müraciət prosesində yol verilən bu növ texniki səhvlərin qarşısının alınması və Fondun müsabiqə fəaliyyətinə cəlb olunmuş könüllü heyətinin vaxtından səmərəli istifadə edilməsi məqsədilə ərizəçilərdən mövcud qaydalara ciddi əməl etmələri xahiş olunur.
Aşağıda qeyd olunan hallarda ərizələr ilkin baxış mərhələsinə qəbul edilməyəcəkdir:
- Tələb olunmayan sənədlər (məsələn: CV, bank hesabı, kredit ödənişi və s.) təqdim olunduqda;
- Sənədlərdə düzəliş tələb olunduğu halda, yenidən göndərilən materiallar tam sənəd paketi şəklində və tək bir e-mail vasitəsilə təqdim edilmədikdə;
- Ailə tərkibi haqqında məlumat rəsmi sənəd formasında deyil, sadə mətn şəklində yazıldıqda;
- Ailə gəlirləri barədə məlumat arayışda göstərilən bütün ailə üzvlərini əhatə etmədikdə;
- Valideynlərin işləməməsi barədə məlumat rəsmi təsdiqedici sənədlərlə təqdim olunmadıqda;
- Təqdim edilən sənədlərdə tarix, möhür, imza və ya aktiv QR-kod olmadıqda.
Fond xüsusi olaraq vurğulayır ki, mövcud tələblərə uyğun tərtib edilməyən və natamam formada təqdim olunan ərizələrə baxılmayacaq. Eyni zamanda, iş yükünün düzgün tənzimlənməsi məqsədilə WhatsApp vasitəsilə ünvanlanan suallar cavablandırılmır. Yaranmış suallarla bağlı hər bir ərizəçidən yalnız bir elektron məktub (e-mail) qəbul edilir.
Ərizəçilərə ciddi tövsiyə olunur ki, Fondun məsul şəxslərinə sual yönəltməzdən öncə cavabı müsabiqə elanından, bu bildirişdən və ya saytda yerləşdirilmiş digər mənbələrdən araşdırsınlar.
Göstərdiyiniz diqqət və məsuliyyətə görə öncədən təşəkkür edir, hər birinizə müsabiqədə uğurlar arzulayırıq!