“Huma Quşu” Təhsilə Yardım Fondunun növbəti əyani yay görüşü keçirilib
“Huma Quşu” Təhsilə Yardım Fondu rəhbərliyin, fond üzvlərinin və təqaüdçü tələbələrin iştirakı ilə növbəti əyani yay görüşünü təşkil edib.
Səmimi ab-havada baş tutan tədbirdə tələbələr bir-biri ilə yaxından tanış olmaq, ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Qeyri-rəsmi hissədə iştirakçılar üçün evdə hazırlanan təamlar təqdim olunub, əyləncəli oyunlar təşkil edilib və musiqi nömrələri səsləndirilib.
Görüşün əhəmiyyətini vurğulayan tələbələrdən biri təəssüratlarını belə bölüşüb: “Hər görüş özünəməxsus və xoş bir şey qatır bizə. Bəzən elə bir məsləhət eşidirsən ki, onu heç bir maddiyyatla əldə etmək mümkün deyil.”
Tədbir çərçivəsində Fondun gələcək fəaliyyət planları və qarşıda duran mühüm layihələr də müzakirə olunub. Bildirilib ki, ilin sonunadək “Humayın Qarabağ təqaüdü” və “Xəyaldan gerçəyə” (Payız çağırışı) müsabiqələri elan ediləcək. Eyni zamanda mentorluq proqramının inkişafı, tələbələrə qatacağı dəyərlər və 14 noyabr tarixində keçirilməsi planlaşdırılan xeyriyyə axşamına hazırlıq işləri diqqət mərkəzində saxlanılıb.
Qeyd edək ki, Fond təhsilə dəstək missiyasına, gənclərin inkişafına və birlikdə daha böyük uğurlara imza atmağa davam edir.