“Səsimiz səsindir, Humay!” adlı növbəti yaradıcılıq axşamını keçiriləcək

Noyabrın 14-də "Huma Quşu" Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə «Səsimiz səsindir, Humay!» adlı növbəti yaradıcılıq axşamı baş tutacaq. Artıq ənənəyə çevrilən xeyriyyə konsertində caz və muğam axşamlarından sonra bu dəfə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Azərbaycan və dünya klassikasına üz tutulacaq.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Qış zalında keçiriləcək tədbirdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiətində Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalov və onun yetirmələri olan tanınmış incəsənət xadimləri Taleh Yahyayev, Xalid Hacıyev, Nihad Orucov, Səbinə Ərəbli, Zabitə Alıyeva, Aysel İbrahimova, Fərid Zeynalov və İsmayıl Zeynalovun ifasında zəngin konsert proqramı nümayiş olunacaq.
Tədbir çərçivəsində, həmçinin tanınmış rəssam və keramika ustalarının əsərlərindən ibarət sərgi-satış həyata keçiriləcək. Xüsusi olaraq autizm spektrli istedadlı uşaq və gənclərin rəsm əsərlərinin sərgi-satışına da yer veriləcək. Bu satışdan əldə olunan vəsait yaradıcılıq imkanlarının davamlı inkişafı üçün tam şəkildə müəlliflərin özlərinə təqdim ediləcək.
Yaradıcılıq axşamında iştirak etmək üçün biletləri iTicket.az-ın satış məntəqələrindən və ya onlayn şəkildə (https://iticket.az/events/concerts/our-voice-is-one-with-yours-humay) əldə etmək mümkündür.
Biletlərin, eləcə də tanınmış rəssam və keramika ustalarının əsərlərindən ibarət rəsmlərin satışından əldə edilən vəsait istedadlı gənclərin təhsilinə sərf olunacaq. Təşkilatçılar bildirirlər ki, bir bilet almaqla oxumaq arzusu olan bir tələbənin gələcəyini dəyişmək mümkündür.
Konsert proqramı 14 noyabr 2026-cı il tarixində, saat 17:00-da baş tutacaq.