Bakı Avropa Liseyində “Huma Quşu” Fondunun təqdimat tədbiri keçirilib
Bakı Avropa Liseyində məktəbin unudulmaz məzunu Humay Quliyevanın xatirəsinə həsr olunmuş və onun adını yaşadan “Huma Quşu” Təhsilə Yardım Fondunun "Humayın doğma liseyindəyik" adlı təqdimat tədbiri baş tutub.
Tədbiri giriş sözü ilə açan Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova vurğulayıb ki, müasir təhsilin əsas qayəsi şagirdlərə yalnız akademik biliklər vermək deyil, eyni zamanda onlarda cəsarət, xeyirxahlıq və humanizm kimi ali insani dəyərləri formalaşdırmaqdır.
Daha sonra tədbir çərçivəsində Humay Quliyevanın mənalı ömür yolunu, təhsilə olan sevgisini və xeyirxah əməllərini əks etdirən "Yerin hər zaman görünəcək, Humay" sənədli filmi nümayiş etdirilib.
Mərasimdə Humay Quliyevanın təhsil aldığı illərdə Bakı Avropa Liseyinin direktoru olmuş Vəfa Məmmədova, eləcə də onun müəllimləri Rahilə Əliyarzadə və Kəmalə Ələsgərova çıxış edərək Humayla bağlı dəyərli xatirələrini bölüşüblər. Çıxışlarda Humayın hələ məktəbli ikən nümayiş etdirdiyi dərrakəsi, analitik düşüncə tərzi, insanlara və mütaliəyə olan xüsusi sevgisi vurğulanıb. Müəllimlər və məktəb yoldaşları onun ehtiyacı olan hər kəsə anında yardım etməyə tələsən həssas qəlbini, həmçinin mühüm ictimai-siyasi mövzularda yaşından böyük, yetkin mühakimələr yürütmək bacarığını xüsusi qeyd ediblər.
Tədbirdə “Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyəti, indiyədək həyata keçirilən layihələr, təqaüd müsabiqələri və gənclərin təhsilinə göstərilən dəstək mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilib, qarşıda duran hədəflər diqqətə çatdırılıb.