“Huma Quşu” Fondu təqaüdçüləri üçün xaricdə təhsil mövzusunda özəl vebinar təşkil edir

“Huma Quşu” Təhsilə Yardım Fondu gənclərin akademik və peşəkar inkişafına dəstək missiyası çərçivəsində növbəti maarifləndirici təşəbbüsünü həyata keçirir. Belə ki, Fondun təqaüdçüləri üçün xaricdə təhsil imkanlarına həsr olunmuş vebinar təşkil olunacaq.

Onlayn formatda baş tutacaq görüşün əsas məqsədi xaricdə ali təhsil almaq istəyən gənclərimizə müraciət prosesi, təqaüd proqramları və təhsil planlaması ilə bağlı peşəkar istiqamət verməkdir.

Vebinarda təhsil sahəsində zəngin təcrübəyə malik ekspertlər — BEIC-in xaricdə təhsil üzrə mütəxəssisi Mehin Məmmədli və Deyvis Kaliforniya Universitetinin (UC Davis) Valideyn və tələbə əlaqələri üzrə direktor müavini Ramina Mürşüdova spiker qismində çıxış edəcəklər.

Təlim çərçivəsində aşağıdakı istiqamətlər üzrə ətraflı məlumat veriləcək və gənclərin sualları cavablandırılacaq:

* Xaricdə təhsilə hazırlıq mərhələləri və strateji planlama;

* Xarici universitetlərə müraciət qaydaları və tələb olunan əsas sənədlər;

* Uğurlu akademik motivasiya məktubunun hazırlanma sirrləri;

* Mövcud təqaüd imkanları və maliyyə dəstəyi mexanizmləri;

* Xarici ölkələrdə tələbə həyatı və adaptasiya prosesi.

Tədbir 30 oktyabr saat 20:00-da Fondun təqaüdçüləri üçün qapalı formatda keçiriləcək.

Geniş auditoriyanın və xaricdə təhsillə maraqlanan digər gənclərin də bu imkandan faydalana bilməsi üçün vebinarın videoyazısı Fondun rəsmi sosial şəbəkə hesablarında paylaşılacaq.