Xəzər Universitetində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimat mərasimi keçirilib

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib.


Fond Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, Komitə xətti ilə Kolumbiyanın Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə həyatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.


Xəzər Universitetinin rektoru İradə Xəlilova Fondun və universitetin təhsil və xeyriyyəçilik sahəsində hədəflərinin kəsişmə nöqtələrindən danışıb, təhsilə yardım göstərən ictimai institut və xeyriyyə fondlarının fəaliyyətini gələcəyə investisiya kimi dəyərləndirib.Tədbirdə Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.


Təqdimat mərasimində “Huma quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova və Fondun Himayəçilik Şurasının üzvü Leyla Tağızadə Fondun təhsilə dəstək və təqaüd proqramları, fəaliyyət göstərdiyi müddət ərzində qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək və gələcək planlardan, o cümlədən 2023-ilin magistr təqaüd proqramından danışıb. “Huma Quşu” Fondunun nümayəndəsi Səidə Abdullayeva fondun təqdim etdiyi imkanların qazilərin həyatına təsirindən və cəmiyyətə inteqrasiya imkanlarından danışıb. Tədbir auditoriyanın çoxsaylı suallarının cavablandırılması ilə davam edib.