“Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçirilib.

“Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətinə həsr olunmuş "Bir ilin nəticələri" adlı tədbir keçirilib. ADA Universitetində baş tutan tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, tələbələr, Humayın dostları və həmkarları, eləcə də media təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Huma quşu” Təhsilə Yardım Fondunun prezidenti Şəhla Vəzirova və ADA Universitetinin prorektorunun məsləhətçisi Aygün Hacıyevanın çıxışları dinlənilib. Bildirilib ki, Humay Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədilə yaradılmış fond müxtəlif universitetlər və bir sıra başqa qurumlarla təhsilə yardım istiqamətində əməkdaşlıq edir.

Tədbirdə Humayın dostu və keçmiş meneceri Clare Bebbington da xatirələrini bölüşüb. Bildirib ki, Humayı həm də belə tanıyırdı: hətta ən qeyri-mümkün məqamlarda da son dərəcə sərbəst, daxilən və zahirən gözəl, işıqlı! O, çıxışını U2 rok qrupunun "Desire" hitindən aşağıdakı sətirlərlə bitirib:

Humay, sən bizim otağın şamısan

Və bu gecə çox parlaq yanırsan.

Çox sağ ol!

Mərasimdə bakalavr və magistr təhsilini davam etdirən gənclər, eləcə də Vətən müharibəsi qazilərinin fondun dəstəyi ilə reallaşmış arzuları və nikbin planlarını, həmçinin yeni qrant proqramlarını, ümumilikdə isə fondun birillik fəaliyyətini əks etdirən hesabat xarakterli təqdimat və film nümayiş olunub 📽️

Tədbir Cadenza Orkestrinin “Ulduzların laylası” konsert proqramı ilə başa çatıb. Proqramda Cadenza orkestri və solistlər Jalə Rəsulova (piano) və Fərid Feyzullayevin ifasında Fərəc Qarayev, Rəhilə Həsənova, Nicola Matteis, Antonio Vivaldi və Franz Schubertin əsərləri səsləndirilib♪♪