2023-ci il “Huma Quşu” Fondu üçün nə ilə yadda qaldı?

2022-ci ili major notlarla başa vuran “Huma Quşu” Təhsilə Yardım Fondu tərəfindən bu ilin elə ilk günlərindən universitetlərlə əməkdaşlıq və tələbələrin təqaüd proqramlarına cəlb olunması istiqamətində mühüm addımlar atıldı. Əvvəlcə Bakı Slavyan Universiteti və Xəzər Universitetində təqdimat mərasimləri keçirildi və fondun fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bu ilin fevral ayında fond ilin ilk təqaüd proqramını elan etdi. Təqaüd ADA Universitetində magistr təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdu. May ayında “Kiçik qrantlar proqramı” elan olundu. Bu proqrama əsasən Azərbaycanda, eləcə də xaricdə bakalavr və magistr təhsili almaq istəyən şəxslərə maliyyə dəstəyi göstərdi. Hazırda isə “Kiçik qrantlar proqramı – Payız Çağırışı” təqaüdü üzrə ərizələrin qəbulu prosesi davam edir.

İlin ən önəmli tədbirlərindən biri Avstriyanın paytaxtı Vyanada baş tutdu. Tədbirdə fondun fəaliyyəti haqqında məlumat verildi, Azərbaycan və Qərb klassik musiqisi ifa olundu. Noyabr ayında isə ADA Universitetində “Bir ilin nəticələri” adlı tədbir keçirildi. Tədbirdə hesabat xarakterli təqdimat edildi, videoçarx və Cadenza orkestrinin ifasında “Ulduzların laylası” adlı möhtəşəm konsert təqdim olundu.

Ümumilikdə “ADA Universitetində magistr təhsili almaq üçün” təqaüd proqramı üzrə 1, “İstedadlı gənclərin çoxpilləli təhsilinə dəstək” proqramı üzrə 3, “İkinci Qarabağ Müharibəsi qazilərinin informasiya texnologiyaları üzrə təhsilinə dəstək” proqramı üzrə 6, “Kiçik qrantlar proqramı” üzrə isə 4 tələbə fondun maliyyə dəstəyi ilə təmin edildi.

“Huma Quşu” Fondu 2024-cü ildə də yeni-yeni layihələr, təqaüd proqramları və müxtəlif tədbirlərlə qarşınızda olacaq. Bu yolda birgə addımladığımız, fondun fəaliyyətinə dəstək verən, etdikləri ianələrlə gənclərin keyfiyyətli təhsil almalarına vəsilə olan hər kəsə təşəkkür edirik. Təhsilimizin inkişafı istiqamətində yorulmaz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.