Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında “Qızıl toxum” macəra tamaşası nümayiş etdirilib.

Bakı Avropa Liseyi və Huma Quşu Fondunun “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsi çərçivəsində baş tutub.

Tamaşadan əvvəl Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək Humay Quliyeva haqqında danışıb və onun liseyin şagirdi olarkən necə gözəl keyfiyyətlərə malik olmasından bəhs edib.

Daha sonra Bakı Avropa Liseyinin istedadlı şagirdlərinin ifasında tamaşa nümayiş etdirilib. Macəra janrında, Novruz bayramı mövzusundakı Musiqili Dram Tamaşası baş qəhrəmanlar Badam, Nərgiz, Qara Toyuq və Əncirin dünyanı dondurucu qaranlıqdan xilas etmək üçün Qızıl Toxumun axtarışına çıxması ilə başlayır. Onlar gizli xəzinə axtarışında Su, Od, Hava və Torpaq Pərilərini ziyarət edir, yol boyu Qaranlığın xidmətçiləri və onların əlaltıları kimi çətin maneələri dəf edirlər. Hər Pəri qəhrəamanlara səyahətin sonunda lazım olacaq simvolik bir əşya hədiyyə edir. Su Pərisi onlara su ilə dolu bir qab, Od Pərisi çıraq, Hava Pərisi “küləyin nəfəsi” ilə doldurulmuş tulum, Torpaq Pərisi isə içində bir ovuc torpaq olan boxça verir. Qəhrəmanlar Unudulma Meşəsi və İnamsızlıq Körpüsündə Şübhə Qayası, Qorxu Vadisi, Ümidsizlik Düzənliyi kimi düşmənlərlə qarşılaşır və hətta bir neçə dost da tapırlar. Qeyd edək ki, burada Pərilər Novruz bayramından əvvəlki Çərşənbələrin metaforik obrazlarıdır. Tamaşanın əsas artefaktı olan Qızıl Toxumlar isə Səmənini simvolizə edir.

Hekayənin sonunda qəhrəmanlar türk mifologiyasında tez-tez rast gəldiyimiz Gözəgörünməz Dağa qalib gələrək Qızıl Yumurtanın yerləşdiyi Güzgü gölünün ortasına düşürlər. Qızıl Toxum isə mifik Humay Quşunun məhz bu yumurtasının içindədir...

“Böyüklər üçün uşaq nağılı” şüarı ilə nümayiş olunan 110 dəqiqə xronometraja malik tamaşada yumor, fəlsəfə və mifik obrazların dili ilə cəmiyyətin nöqsanları tənqid olunur. Bununla yanaşı, tamaşada ötürülən əsas mesajlardan biri də gələcəyin etibarlı əllərdə olmasıdır. Tamaşa üçün 7 mahnı və saundtrek yazılıb və bəstəkar Tural Məmmədlidir. Qeyd edək ki, bu, Bakı Avropa Liseyinin şagirdlərinin bu cür xeyriyyə aksiyasında ilk iştiraklarıdır.

Tamaşadan sonra Humay Quliyevanın rəfiqəsi, sinif yoldaşı, Huma Quşu Fondunun üzvü Günel Hüseynzadə çıxış edərək Humayın şəxsi keyfiyyətləri, onunla dostluğu haqqında fikirlərini bölüşüb və Humayın xatirəsinə yaradılan Huma Quşu Təhsilə Yardım Fondu haqqında ətraflı məlumat verib. O, həmçinin Fondun adından Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, eləcə də tamaşanın aktyorları olan lisey şagirdlərinə dərin təşəkkürünü bildirib.

“Qızıl Toxum” tamaşası həmçinin, çətin həyat şəraitinə baxmayaraq maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi daşıyır. Huma Quşu Fondunun ianə hesablarına (https://humagushu.az/az/Donate və ya 5239 1517 3433 9446 bank kart hesabına) köçürmə etməklə aztəminatlı ailələrdən olan gənclərə Siz də dəstək ola bilərsiniz.