“Huma Quşu” Təhsilə Yardım Fondunun UNEC-də təqdimatı olub

“Huma Quşu” Təhsilə Yardım Fondunun UNEC-də təqdimatı olub.

Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Huma Quşu” Fondunun təqdimat mərasimi keçirilib. “Cəsarətin davamlı ömrü” adlı tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak ediblər.

UNEC-in prorektoru Fariz Əhmədov “Huma Quşu” Fondunun, eləcə də təhsilə yardım göstərən digər ictimai institutların fəaliyyətini yüksək qiymətləndirib.

Fondun İdarə Heyətinin üzvü Səidə Abdulayeva bildirib ki, fond Humay Quliyevanın xatirəsini yaşatmaq və humanitar fəaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb. O, tədbirin adında da vurğulanan cəsarət sözü barədə danışıb, ədəbiyyatda bu barədə yazılan maraqlı fikirlərə müraciət edib, fondun dəyərləri və idealları haqqında ətraflı məlumat verib.

Tədbir Humay haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı “Yerin hər zaman görünəcək, Humay” sənədli filminin nümayişi ilə davam edib.

Fondun elmi katibi Nigar Babazadə isə fondun məqsədləri, dəyərləri, təhsilə dəstək və təqaüd proqramları, qazilərə və maliyyə imkanı məhdud tələbələrə təhsilə yardım istiqamətində verilmiş dəstək, hesabatlılıq, ianə və gələcək planlardan, o cümlədən mayın 1-də elan edilən Qrant müsabiqəsi haqqında ətraflı məlumat verib. Sonra isə tələbələrin yeni müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Tədbirdə bakalavr və magistr təhsilini davam etdirən gənclər, eləcə də İkinci Qarabağ müharibəsi qazilərinin Fondun dəstəyi ilə reallaşan arzularını, ümumilikdə isə Fondun fəaliyyətini əks etdirən “Bir ilin nəticələri adlı” film də nümayiş olunub. Daha sonra “Həyatınızda nəyisə dəyişə bilmisinizmi?”, “Cəsarətli addımınız olubmu?”, “İnsan üçün ən vacib dəyərlər hansılardır?” və s. mövzular ətrafında interaktiv sual-cavab keçirilib.

Sonda tədbirə onlayn formada qoşulan “Huma Quşu” Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova universitetin rəhbərliyi, prorektor Fariz Əhmədov, Tələbə Elmi Cəmiyyətinin sədri Jalə Teymurlu, eləcə də tələbə və müəllim heyətinə dərin təşəkkürünü bildirib, onlara fəaliyyətlərində uğurlar arzu edib.