“Huma Quşu” Təhsilə Yardım Fondunun Macarıstanda təqdimat mərasimi keçirilib

“Huma Quşu” Təhsilə Yardım Fondunun Macarıstanda təqdimat mərasimi keçirilib

Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində “Huma Quşu” Təhsilə Yardım Fondunun "Dəyərləri yaşayan ömür" adlı təqdimat mərasimi keçirilib.

Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də media təmsilçiləri iştirak edib. Qeyd edək ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri aşılamaq məqsədi ilə yaradılıb.

Tədbirə ev sahibliyi edən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tahir Tağızadə Səfirliyin və fondun təhsil və mədəniyyət sahələrində vahid hədəflərindən və bu istiqamətdə reallaşdırılan layihələrdən danışıb. Tahir Tağızadə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan ziyalıları tərəfindən gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən xeyriyyəçilik fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə həyata keçirilən 2022-2026-cı illər üzrə Dövlət Proqramı vasitəsilə gənclərin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazandıqlarını qeyd edib.

Tədbir Humayın dostları tərəfindən hazırlanmış “Yerin hər zaman görünəcək, Humay” filminin nümayişi, Fondun prezidenti Şəhla Vəzirovanın fondun fəaliyyət məqsədi və dəyərləri, layihə və proqramları, ictimaiyyətlə kommunikasiya prinsipləri, eləcə də aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması, elan edilmiş Kiçik qrantlar proqramının 2024-cü il üçün yaz çağırışında iştirak qaydaları barədə təqdimat, Humayın Budapeştdə yaşayan rəfiqələri Pərvanə Qarayeva və Günel Hacızadənin çıxışları və sual-cavab ilə davam edib.

Qeyd edək ki, Fond tərəfindən elan edilmiş müsabiqələr barədə məlumatlandırma formatlı təqdimatlar Fondun veb-səhifəsi və sosial şəbəkələri ilə yanaşı, Azərbaycanın Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi, eləcə də ADA Universiteti, Bakı Slavyan Universiteti, UNEC, Xəzər Universiteti və başqa akademik auditoriyalarda keçirilib.

Fond və müsabiqə barədə daha ətraflı məlumatı veb-səhifəmizdən (https://humagushu.az/) əldə edə bilərsiniz.