“Huma Quşu” Fondu 2024-cü ilin ilk yarımilində

2024-cü ilin ilk 6 ayını “Huma Quşu” Fondu üçün uğurlu hesab etmək olar. Belə ki, ilk olaraq ötən ilin payızında elan edilən Azərbaycanda və xaricdə bakalavr və magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün “Kiçik Qrantlar Proqramı” müsabiqəsinə yekun vuruldu. Müsabiqəyə təqdim olunmuş ərizələrin və aparılmış intervyuların qiymətləndirilməsi nəticəsində ümumilikdə 5 iştirakçı 2500 AZN, 1 iştirakçı isə 1500 AZN məbləğində qrantla mükafatlandırıldı.

Mart ayının əvvəllərində Bakı Avropa Liseyi və Huma Quşu Fondu “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsinə start verdi. Layihə çərçivəsində Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında çətin həyat şəraitinə baxmayaraq maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi ilə “Qızıl toxum” macəra tamaşası nümayiş etdirildi.

Hesabat dövründə fondumuz üçün ən böyük uğur isə eşitmə və nitq qabiliyyətinin məhdud olmasına baxmayaraq, texnologiya sahəsində xüsusi bacarıq nümayiş etdirərək NASA-nın ABŞ-nin San-Dieqo şəhərində keçiriləcək Robot Yarışında Azərbaycanı təmsil edəcək komandanın tərkibinə seçilən Sənan Mirzəzadənin Huma Quşu Fondunun başlatdığı kampaniya və ianəçilərin töhfəsi sayəsində ABŞ-yə yola düşməsi oldu.

Fond tərəfindən “İstedadlı tələbələr” proqramına əsasən Ranal Qurbanova 4600 AZN, Əziz Pənaha 5000 AZN, ADA Universitetində magistr təhsili almaq üçün təqaüd proqramına əsasən Bibixanım Səmədovaya 2500 AZN, Vətən müharibəsi iştirakçıları Arif Hacıyev və Elmir Dadaşova isə müaviq olaraq 1550 AZN və 2120 AZN məbləğində təqaüd verilib.

Daha sonra fond Azərbaycanda, eləcə də xaricdə bakalavr, magistr və PhD təhsili almaq istəyən Azərbaycan vətəndaşları üçün "Qrant Müsabiqəsi: YAZ ÇAĞIRIŞI" elan etdi.

May ayının əvvəllərində Azərbaycan Dövlət İqtisad Universitetində “Huma Quşu” Fondunun “Cəsarətin davamlı ömrü” adlı təqdimat mərasimi baş tutdu.

Təxminən bir ay bundan əvvəl isə Budapeşt şəhərində Azərbaycanın Macarıstandakı Səfirliyində “Huma Quşu” Təhsilə Yardım Fondunun "Dəyərləri yaşayan ömür" adlı təqdimat mərasimi keçirildi.

Qeyd edək ki, hazırda "Qrant Müsabiqəsi: YAZ ÇAĞIRIŞI" proqramı üzrə intervü mərhələsinə hazırlıq gedir.