Quyunun təkindən təkərlərədək

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqavləsi” imzalandı. 2006-cı ilin mayında isə Bakı-Ceyhan ixrac boru kəməri işə salındı. Həmin dövrdə 20 yaşlı Bilkənt məzunu Humay Quliyeva bp-Azərbaycanın İctimaiyyətlə əlaqələr şöbəsində, ingilisdilli “Compass” jurnalında redaktor müavini vəzifəsində çalışırdı. O, bp-Azərbaycan rəhbərliyi qarşısında maraqlı təşəbbüs qaldırmışdı: bir nəfər media təmsilçisi Ceyhan limanına göndərilsin, oradan Azərbaycan nefti doldurulmuş ilk tankerlə Triestə qədər getsin,Triestdən isə həmin neftin Avstriyaya nəql olunduğu “Transalp” kəməri boyu hərəkət edib bizim yanacağın satıldığı ilk benzindoldurma məntəqəsindəki ilk avtomobilə Azərbaycan bayrağı təqdim etsin. Təklif qəbul olundu və uzun, maraqlı səfərə Humay özü göndərildi.

525-ci qəzet - 525.az Humay Quliyevanın “Compass” jurnalında dərc olunmuş yol qeydlərindən bir hissəni çap edib. "Quyunun təkindən təkərlərədək" adlı məqaləni sizə təqdim edirik:

HUMAY QULİYEVA AZƏRBAYCAN NEFTİNİN ÖLKƏLƏR VƏ DƏNİZLƏR ÜZƏRİNDƏN KEÇƏN YOLUNU İZLƏMİŞDİR

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalandı. 2006-cı ilin mayında isə Bakı-Ceyhan ixrac boru kəməri işə salındı. Həmin dövrdə 20 yaşlı Bilkənt məzunu Humay Quliyeva bp-Azərbaycanın ictimaiyyətlə əlaqələr şöbəsində, ingiisdilli “Compass” jurnalında redaktor müavini vəzifəsində çalışırdı. O, bp-Azərbaycan rəhbərliyi qarşısında maraqlı təşəbbüs qaldırmışdı: bir nəfər media təmsilçisi Ceyhan limanına göndərilsin, oradan Azərbaycan nefti doldurulmuş ilk tankerlə Triestə qədər getsin, Triestdən isə həmin neftin Avstriyaya nəql olunduğu Transalp kəməri boyu hərəkət edib bizim yanacağın satıldığı ilk benzindoldurma məntəqəsindəki ilk avtomobilə Azərbaycan bayrağı tədim etsin. Təklif qəbul olundu və uzun, maraqlı səfərə Humay özü göndərildi. Aşağıda onun “Compass” jurnalında dərc olunmuş yol qeydlərindən bir hissəni təqdim edirik.

Bir cümə gecəsi. 32 yaşlı Manfred Hoermann “Audi A4” markalı təzə avtomobilində Münxen yaxınlığında yerləşən İnqolştatdakı “Aral” yanacaqdoldurma məntəqəsindən çıxır. Onun dostları ilə görüşmək və şvaynebraten - məşhur Bavariya delikatesi sayılan qızardılmış donuz əti hazırlamaq planları var. Manfred üçün bu gecə bəlkə də adi həftəsonu gecələrindən biridir. Lakin bp Azərbaycan üçün əlamətdar sayıla biləcək tamam başqa bir gecədir. Özü də bunun fərqinə varmadan Manfred avtomobilini “Azəri layt” - yüngül Azərbaycan neftindən alınmış dizel yanacağı ilə dolduran ilk alman müştərilərdən biri oldu.

Bəli. İndi də həmin “Azəri” xam neftinin Xəzərdə, Mərkəzi Azəri yatağındakı BO5 quyusunun təkindən herr Hoemanın maşının yanacaq bakına gedib çatana qədər keçdiyi yol haqqında hekayətə başlayaq. Bu əhvalat qət olunan uzun məsafələrin, inamsızlıq və çətinliklərin, ümidsizlik və nəhayət xoşbəxt sonluğun nağılıdır. Azərbaycan neftinin çağdaş dünyanı hərəkətə gətirməsi artıq bir xəyal deyil, gerçəklikdir.

Və düz bir ay yol keçəndən sonra o, nəhayət Aralıq dənizinin Türkiyə sahilindəki parlaq günəş işığına qərq olmuş Ceyhan limanına çatır. Türkiyənin cənub-şərqində yerləşən və bir vaxtlar İraqın Kərkük neft mədənlərindən çıxan neftin nəqli üçün təsadüfdən-təsadüfə istifadə edilən boru kəmərinin qurtaracaq nöqtəsi sayılan Ceyhan dəniz terminalı indi Aralıq dənizinin enerji mərkəzinə çevrilib. Üstəlik, o da gözlənilir ki, Qara dəniz sahilindəki Samsun şəhərinə çəkilməsi planlaşdırılan boru kəməri tam gücü ilə işə düşəndə dünya xam neft ticarətinin 8 faizi onların ikisinin payına düşəcək. İyul ayının 13-də keçirilən təntənəli rəsmi açılış mərasimi zamanı Lord Braun Ceyhanı “dünyanın energetika xəritəsini dəyişdirən alternativ enerji dəhlizi” adlandırmışdır.

Terminalın 2,6 km. uzunluğunda körpüsündə ildə 400 tankerin xam neftlə yüklənəcəyi gözlənilir. Lakin tam əminliklə demək olar ki, onlardan heç biri “Britiş Hosorn” tankeri kimi məşhur olmayacaq. Bu tankeri digər dəniz nəqliyyat vasitələrindən fərqləndirən onun “Azəri layt” neftinin ilk 105000 tonunu (təxminən 770000 barrel) İtaliyaya gətirməsidir. “Britiş Hosorn”u Tuseyşi gəmiqayıranları inşa ediblər və tanker 2003-cü ildə bp ticarət donanmasının sərəncamına verilib. bp-nin bütün gəmilərinin adları “britiş” sözü ilə başlayır və Tsuneyşi şirkətinin inşa etdiyi gəmilər əsasən ağac adları ilə adlandırılır. Məsələn, “Britiş Laurel” (“Britaniya Dəfnəsi”), “Britiş Vilou (“Britaniya söyüdü”) və s.

“Azəri layt” nefti uzaq səfərinin növbəti mərhələsinə Transalp (TAL) boru kəməri vasitəsi ilə San Dorliqo della Valle kəndi yaxınlığında yerləşən Triest neft bazasından başlayır. 1967-ci ildə istifadəyə verilən TAL Bakı-Tbilisi-Ceyhan kəmərinə çox bənzəyir. Bu, ilk boru kəməridir ki, Avropanın üç ölkəsinin - İtaliya, Almaniya və Avstriyanın ərazisindən keçir. Əslən Venesiyadan olan italyan maliyyəçisi doktor Barnabonun arzusu doğma şəhərinin İntibah dövründə olduğu kimi yenidən dünyanın ticarət mərkəzi kimi görmək idi. O, Venesiya (İtaliya) və Münxen (Almaniya) arasında Alp dağlarından keçən hərəkətli şose yolu və yol boyunca Bavariya əyalətinə qədər gedib çıxan magistral boru kəməri inşa etmək istəyirdi. Arzusuna çatmaq üçün doktor Barnabo şəxsi vəsaiti ilə bir sıra mühəndis layihələrini maliyyələşdirir, onları neft şirkətlərinə və böyük biznes qurumlarına, siyasi xadimlərə və dövlət adamlarına təqdim edirdi. Təklif olunan marşrutun texniki və maliyyə baxımından cəlbediciliyi təsdiqləndikdən sonra 1963-cü ildə beynəlxalq mühəndis konstruktor şirkəti Bekel (aradan 40 il ötəndən sonra eyni şirkətin Bakı-Tbilisi-Ceyhan boru kəmərini layihələşdirdiyinin şahidi oluruq) Adriatik dənizindən İnqolştatadək böyük Trans-Alp boru kəmərinin istismarının iqtisadi-texniki mümkünlüyü və səmərəliliyini təsdiq etmək tapşırıldı. Cəmi dörd ay sonra isə mühəndislərə işə başlamağa icazə verilir. Onların qrafiki elə tərtib edilmişdi ki, bunu yalnız BTC ilə məşğul olanlar arzu edə bilərdilər. Doğrudur, çox ciddi çətinliklər də vardı. Məsələn, İtaliyada TAL-ın martşrutu hərbiləşdirilmiş Yuqoslaviya sərhəddindən cəmisi bir neçə kilometrlik məsafədə keçirdi və “soyuq müharibə” illərində torpaqdan qeyri-hərbi məqsədlər üçün istifadə etməyə icazə almaq son dərəcə müşkül məsələ idi. Bundan başqa, boru kəməri həm də Birinci Dünya müharibəsi zamanı İtaliya ilə Avstriya qoşunları arasında iki il davam edən silahlı münaqişənin, iri miqyaslı döyüş əməliyyatlarının aparıldığı İsonso savaş meydanını bir neçə kilometr kəsib keçirdi. Bu ərazi isə o zaman çoxlu sayda minalanmış sahələr bir yana dursun, üstəlik, böyük miqdarda hərbi sursat və texnika qalıqları ilə kifayət qədər “zəngin” idi. Lakin bütün çətinliklərə baxmayaraq, boru kəmərinin inşası əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq 1967-ci ilin iyun ayında tam şəkildə başa çatdırıldı. Qərbi Avropanın təbiəti etibarı ilə bir çox gözəl, lakin geoloji baxımdan mürəkkəb regionlarından keçən Transalp kəməri Avropanın ən böyük boru xətti kimi məşhurlaşdı.

“TAL olduqca mühüm təchizat mənbəyidir. Sadəcə təsəvvürünüzə gətirin - biz Avstriyanın neft məhsullarına olan ehtiyacının 75, Bavariyanın 100, Baden Vüttenberqin 50, Çex Respublikasının 25 faizini təmin edirik” - bu sözləri TAL-ın baş dikertoru Adriano del Prete deyir. “Əgər TAL olmasaydı, onda geniş əraziyə səpələnmiş neft emalı zavodları xam malı avtosisternlər vasitəsi ilə daşımaq məcburiyyətində qalardı. Bu isə hələ nəqliyyat sıxlığı bir yana dursun, ətraf mühitin ifrat dərəcə çirklənməsi riskini yaradacaqdı”.

“Azəri layt”ın italyanca çox gözəl səslənən ixtisarı “L`Azeli”ni xəttə vurmaq üçün operatorların düymələri basdıqları dispetçer otağındakı məsul şəxs TAL-ın əməliyyatlar üzrə meneceri Nevio Orillodur. Onun dediyinə görə, keçən il öz yükünü Muqqia körfəzində, Triestdə boşaldan yanacaq daşıyan tankerlərinin 44 faizi keçmiş Sovet İttifaqından gəlib. Onun 7 faizi - 2,5 milyon tonu isə Azərbaycan neftidir. Qazaxıstan xam nefti Tenqizlə yanaşı, “Azeri layt” KPK (Kaspian Petrolium Konsorsium) qarışığının əsas tərkib hissəsidir. Beləliklə, bizim neftimiz bir müddət Triestdə nəhəng çənlərdə saxlandıqdan sonra magistral boru kəmərinə vurulur və digər xam neft məhsuluna qarışaraq az öncə xatırlatdığımız KPK-ni yaradır. Nevionun iş masasının üstündə içərisində qara, yağlı maye olan kiçik bir şüşə qab vardı. Həmin maye TAL vasitəsi ilə ixrac olunan (təbii ki, burada bizim Xəzər neftinin də öz payı var) milyardıncı barrel neftdən xatirə olaraq götürülüb.

Bayernoyl neft emalı zavodu əsasən dizel yanacağı, benzin və binaların qızdırılması üçün istifadə edilən yüngül qızdırıcı məhsullar istehsal edir. Hasilatın cüzi faizini reaktiv mühərriklər üçün yanacaq, kimya sənayesi üçün nafta, sənaye və elektrik stansiyaları üçün ağır yanacaq, yol örtüyündə istifadə olunan bitum təşkil edir. Bitum istisna olmaqla “Azerbeidschanisches Öl”dən - Azərbaycan neftindən bütün digər məhsulların istehsalında istifadə edilir.

Triestə gəlib çatandan sonra “Azəri” daha xam neft deyildir. Dizel yanacağıdır, avtomobil benzinidir, ekstrayüngül qızdırıcı vasitədir. Müxtəlif yerlərdəki yanacaqdoldurma stansiyalarına daşınmaq üçün avtosisternləri gözləyən “zərifləşdirilmiş” maddədir.

Bu hekayəti istər-istəməz postmodernist filmlərdə olduğu kimi başladığım tərzdə də bitirmək istəyirəm. 32 yaşlı Manfred Hoermann... Hekayəmizin əsas personajı o olsa da, baş qəhrəman Azərbaycan neftidir. Mən neft əfsanələri ilə dolu, neft fontanları sayəsində yoxsulların bir gecənin içində şahzadələrə çevrildiyi şəhərdən - Bakıdan başlayan yolu çantamda kiçik Azərbaycan bayrağı daşımışam ki, onu səfərimin başladığı yerdən 5000 km. uzaqda “mənim neftimlə” doldurulan alman ilk avtomobilinin üzərində dalğalandırım. Ölkəmizin çiçəklənməsinin və inkişafının daha bir əfsanəsinə başlamaq vaxtı gəlib çatmışdır və mən sükanı arxasında Manfredin oturduğu maşının tutqun rəngli üfüqdə gözdən itməsini izlədikcə düşünürdüm ki, uzunluğu min millərlə ölçülən hər bir səfər üçün çox vacib, zəruri olan ilk addımı atmışıq.

Mən artıq mənzil başına çatmışam...