"Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı xeyriyyə axşamı keçirilib

Huma Quşu Təhsilə Yardım Fondunun "Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı xeyriyyə axşamı keçirilib. Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıqla başlayıb. “Arts Council Azerbaijan” tərəfindən təşkil olunan sərgidə rəsm əsərlərinin satışı da həyata keçirilib. Hər əsərin satışından əldə edilən vəsaitin 25%-i isə “Huma Quşu” Fonduna ianə olunub. Sonra xatirə fotosu çəkilib.

Tədbirin rəsmi hissəsi Fondun prezidenti Șəhla Vəzirovanın çıxışı ilə başlayıb. O, fondun iki illik fəaliyyəti, layihə və proqramları, aztəminatlı ailələrdən olan gənclərin təhsil imkanlarının artırılması və s. barədə məlumat verib. Qeyd edilib ki, indiyədək fond tərəfindən 30 nəfərin təhsili üçün 120 min manat məbləğində vəsait xərclənib. Şəhla Vəzirova noyabr ayında elan edilən Humayın “Xəyaldan gerçəyə” təqaüdü haqqında məlumat verib və bildirib ki, bu təqaüd üçün son müraciət tarixi 25 dekabrdır.

Fondun rəhbəri yanvar ayında Humayın “Qızların STEM-də yüksəlişi” təqaüdünün elan ediləcəyi anonsunu da ilk dəfə bu tədbirdə açıqlayıb. Qeyd edib ki, bu təqaüd Fondun Azercell ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda və xaricdə STEM sahəsində bakalavr, magistr, PhD səviyyəsində təhsil alan və aztəminatlı ailələrdən olan qızlar üçün nəzərdə tutulub.

Şəhla Vəzirova fondun ötən ilin noyabr ayından etibarən ianələr qəbul etdiyini, vurğulayıb, bu müddət ərzində 56 468 manat ianə qəbul edildiyini və bütün vəsaitin gənclərin təhsili üçün xərcləndiyini bildirib.

Daha sonra xalq artisti, tanınmış caz ustası Salman Qəmbərov və "Bakustic Jazz" qrupunun ifasında möhtəşəm konsert proqramı baş tutub. Xeyriyyə axşamının xüsusi qonaqları olan İlhamə Qasımova və Rövşən Qəhrəmanovun ifaları isə dinləyicilərə xüsusi ovqat bəxş edib.

Tədbir iştirakçıları arasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Milli Məclisin üzvü Nizami Cəfərov, deputat Zaur Şükürov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, tanınmış elm və mədəniyyət xadimləri, tələbələr yer alıblar.

Qeyd edək ki, xeyriyyə axşamında bilet satışından əldə edilən vəsait də aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək.