Humayın əziz xatirəsinə.

Azərbaycanın müasir gəncliyinin ən parlaq simalarından olan, öz qısa ömründə istedadı, savadı, yaradıcılığı ilə yüksək nailiyyətlər əldə etmiş, lakin ümumbəşəri dəyərlər daşıyıcısı olaraq əsas fəaliyyətində köməyə, dəstəyə ehtiyacı olan insanlara xidmət etməyə üstünlük vermiş Humay Quliyeva vaxtsız vəfatından sonra da bu missiyasını davam etdirir. Artıq 3-cü ildir ki, onun şəxsi vəsaiti əsasında təşkil edilmiş və adını daşıyan “Huma Quşu” Təhsilə Yardım Fondu aztəminatlı gənclərə öz təhsillərini davam etdirmək, yeni peşələrə yiyələnmək üçün maddi dəstək göstərir. Bu il dekabrın 7-də Bakıda Muğam Mərkəzində baş tutan “Huma Quşu: xeyirxahlıq və cəsarət bələdçisi” adlı xeyriyyə axşamı bu məqsədlə görülən növbəti tədbirlərdən idi.

Azərbaycanın intellektual elitasının – tanınmış ziyalıların və gənclərin toplandığı bu məclisdə Humayın adını daşıyan təqaüdə layiq görülmüş gənclərin iştirakı xüsusi məna daşıyırdı: Humay hələ də ona ehtiyacı olanlara öz imkanları daxilində yardımını davam etdirir.

Bu məclisin gedişində yəqin ki, Humayın da ürəkdən təqdir edəcəyi daha bir mükafatlandırma mərasimi baş tutdu. Türkiyənin tanınmış ədəbiyyatşünas alimi, Ege Universitetinin professoru, Türkiyə və Azərbaycan yazarlar birliklərinin üzvü və Məhəmməd Əmin Rəsulzadənin irsinin ən mükəmməl və ciddi araşdırıcısı Yavuz bəy Akpınar da qonaqların arasında idi. Bu fürsətdən faydalanaraq “Rəsulzadə ev muzeyi” İctimai Qrupu adından prof. Solmaz Rüstəmova-Tohidi Cümhuriyyət tarixi və Rəsulzadə irsinin tədqiqi sahəsində xidmətlərinə görə təltif olunduğu və bir ildən artıqdır ki, öz sahibini gözləyən mükafatı – Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi münasibətilə Danimarkanın məşhur “Obaku” saat firmasının hazırladığı, üzərində Cümhuriyyətin xəritəsi və “Cümhuriyyət-105” yazısı olan eksklüziv saatı bir qrup tanınmış Azərbaycan ziyalılarının iştirakı ilə böyük alimə təqdim etdi. Yavuz bəyin özünün də üzvü olduğu həmin İctimai Qrupun hazıradığı daha bir mükafat – Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş “II Beynəlxalq Rəsulzadə qiraətləri. Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” məqalələr toplusu prof. Misir Mərdanov tərəfindən Yavuz bəyə təqdim olundu. Ziyalılar Yavuz Akpınarı bu mükafatlar münasibətilə ürəkdən təbrik etdilər və Azərbaycan adına gördüyü işlərə görə təşəkkürlərini bildirdilər.

Qeyd olunmalıdır ki, Yavuz Akpınar özü də Rəsulzadənin 140 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyi yubileylərini çox möhtəşəm bir araşdırma – “Bayraklaşan Şahsiyyet. Mehmet Emin Resulzade” monoqrafiyası ilə qarşılamışdır.

Azərbaycanın müasir dövr tarixi və görkəmli şəxsiyyətlərinə dair qiymətli tədqiqatların müəllifi, əziz və dəyərli həmkarımız Yavuz bəy Akpınarı bir daha təbrik edir, Humayın xatirəsinə dair bizlərlə bölüşdüyü çox səmimi və təsirli ürək sözlərinə görə minnətdarlığımızı bildiririk.

Unudulmaz Humayın ruhu şad olsun! Onun adına və işığına toplanan məclislərə insanlar gördükləri irili-xırdalı işlərlə gəlir, layiq olduqları mükafatları alır, təqaüdə layiq görülən gənclər isə qəlblərində bu əfsanəvi quş kimi gözlə görünməyəcək qədər yüksəkliklərə qalxmaq arzusu daşıyırlar.