“Huma Quşu” Fondunun Azərbaycan Tibb Universitetində təqdimatı olub
“Huma Quşu” Təhsilə Yardım Fondunun Azərbaycan Tibb Universitetində (ATU) təqdimat mərasimi keçirilib. Tədbirdə ATU-nun professor-müəllim və tələbə heyəti, eləcə də media təmsilçiləri iştirak edib.
ATU-nun Prorektoru, professor Mahir Səfərov universitetin və Fondun təhsil sahəsində vahid hədəflərindən və bu istiqamətdə reallaşdırılan layihələrdən danışıb. Tədbir Humayın dostları tərəfindən hazırlanmış “Yerin hər zaman görünəcək, Humay” filminin nümayişi, Fondun məsul katibi Nigar Babazadə, Himayəçilik Şurasının üzvləri Səidə Abdullayeva və Xumar Hüseynovanın çıxışları ilə davam edib. Qeyd olunub ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri aşılamaq məqsədi ilə yaradılıb.
Fondun üç illik fəaliyyət dövrü ərzində 9 proqram çərçivəsində 50-dən çox qazi və tələbənin təhsilinə dəstək, şəffaflıq və ictimaiyyətlə kommunikasiya prinsipləri, eləcə də elan ediləcək Payız çağırışı formatında “Humayın Xəyaldan gerçəyə qrantı” proqramında iştirak qaydaları barədə təqdimat edilib. Tədbir iştirakçıları Fondun fəaliyyətinə böyük maraq göstəriblər. Onlar bu barədə çoxsaylı suallar verib, dəstək nümayiş etdirib və gələcək layihələrdə fəal iştirak etmək istədiklərini bildiriblər. Fondun təhsil qrantının benefisiarı, Ege Universitetinin məzunu Xumar Rəhmanova “Huma Quşu” Fondunun onun həyatında açdığı yeni imkanlardan və bu dəstəyin yaratdığı dəyişikliklərdən söz açıb. Təqdimat mərasimi səmimi, interaktiv mühitdə baş tutub və iştirakçılar Fondun dəyərlərini yaxından tanımaq imkanı əldə ediblər.
Qeyd edək ki, “Huma Quşu" Fondunun fəaliyyəti və elan edilmiş müsabiqələr barədə məlumatlandırma formatlı təqdimatlar təşkilatın veb-saytı və sosial şəbəkə səhifələri ilə yanaşı, Azərbaycanın Macarıstandakı Səfirliyi, Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzi, Londondakı World Heart Beat Embassy Gardens, eləcə də ADA Universiteti, Bakı Slavyan Universiteti, UNEC, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər akademik auditoriyalarda keçirilib.