“Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi baş tutdu

Noyabrın 16-da Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Huma Quşu” Təhsilə Yardım Fondunun təşkilatçılığı ilə “Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi keçirilib.

Tədbir rəsm əsərlərinin sərgisi ilə başlanıb və Fondun prezidenti Şəhla Vəzirovanın çıxışı ilə davam edib. Gecədə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, qazilər, şəhid ailələri, magistr və tələbələr, Fondun tərəfdaşları və media nümayəndələri iştirak ediblər. Qonaqlara milli musiqi nümunələrindən ibarət zəngin proqram təqdim olunub.

Xeyriyyə gecəsi çərçivəsində bilet və rəsmlərin satışı, eləcə də ianələrdən əldə edilən vəsait aztəminatlı ailələrdən olan gənclərin Fondun doqquz aktiv təhsil proqramı üzrə dəstəklənməsinə yönəldiləcək.

Tədbirin sonunda Bakı Musiqi Akademiyasının Opera Studiyasına, i-ticket.az şirkətinə, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli xanəndə Mənsum İbrahimov və onun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupu - Xalq artisti Elçin Həşimova (tar), Muğam televiziya müsabiqəsinin qalibləri Təyyar Bayramov (Əməkdar artist), Arzu Əliyeva (Əməkdar artist), Aytən Məhərrəmli, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Xəyal Hüseynov, tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə Muğam instrumental ansamblı, Əməkdar artist Nuriyyə Hüseynova və Təbriz Yusifova (kaman) gözəl ifalarına görə, Şəfaqət Məmmədovaya məharətli aparıcılığına görə və bütün iştirakçılara xeyriyyə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərin təşəkkür edilib.

Fond tərəfindən eyni zamanda tədbiri öz cazibədar və koloritli rəsm əsərləri ilə zənginləşdirən Anar Qəmbərli, Aytən Qocayeva, Eldar Babazadə, Könül Hüseynzadə, İlham Ənvəroğlu, Nərminə Rasizadə, Orxan Hüseynov, Pəri Miniatür, Röya Həsən, Səkinə Cəfərli Musa, Zöhrab və Şəlalə Salamzadələr, Tatyana Quliyeva və Törə Ağabəyovaya təşəkkür edilib.