Xəyaldan gerçəyə gedən yol: “Huma Quşu” Təhsilə Yardım Fondunun 2025-ci il fəaliyyəti
Daha bir ili geridə qoyuruq. 2025-ci il “Huma Quşu” Təhsilə Yardım Fondu üçün inkişaf, genişlənmə və dərin təsir ili kimi yadda qaldı. Bu il Fondun fəaliyyəti təkcə rəqəmlərlə deyil, dəyişən talelər, reallaşan arzular və açılan yeni imkanlarla ölçüldü.
İlin ilk günlərində “Huma Quşu” Təhsilə Yardım Fondu Azercell ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və xaricdə STEM sahəsində bakalavr, magistr və PhD səviyyəsində təhsil alan qızlar üçün Humayın “Qızların STEM-də yüksəlişi” təqaüd müsabiqəsini elan etdi. Layihə istedadlı gənc qadınların elmi və texnoloji sahələrdə yolunu işıqlandırmağı hədəflədi. Müsabiqənin qalibi olacaq 5 nəfər hər biri 2500 AZN məbləğində təqaüd qazanmaq imkanı əldə etdi.
Fevral ayının əvvəllərində Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin qalibləri müəyyən olundu. Yekun nəticələrə görə, 3 əsas qalib və nəticələri eyni səviyyədə qiymətləndirilən 1 əlavə qalib müəyyən edilərək hər biri 2500 AZN məbləğində təqaüdlə mükafatlandırıldı.
28 fevralda Fond ADA University ilə birlikdə magistr təhsili almaq istəyən tələbələr üçün Humayın “Təhsil ADAsı” təqaüd proqramını elan etdi. Bu proqram çərçivəsində 3 nəfərin 5000 AZN məbləğində təqaüdlə dəstəklənməsi nəzərdə tutuldu.
4 aprel tarixində “Qızların STEM-də yüksəlişi” müsabiqəsinin qalibləri açıqlandı. Yüksək nəticələr və namizədlərin bilik səviyyəsi nəzərə alınaraq Fondun Himayəçilik Şurası tərəfindən qaliblərin sayı 5-dən 10-a artırıldı. Azercell tərəfindən ayrılan 12 500 AZN vəsaitə Fond tərəfindən eyni məbləğ əlavə olunaraq ümumi qrant fondu 25 000 AZN-ə yüksəldildi və hər bir qalib 2500 AZN təqaüdlə mükafatlandırıldı.
8 aprel tarixində müsabiqənin 10 qalibi ilə yanaşı daha 10 iştirakçı “Div Academy” ilə əməkdaşlıq çərçivəsində IT kurslarında ödənişsiz iştirak imkanı qazandı.
13 aprel tarixindən etibarən Fond tərəfindən karyera inkişafı, maliyyə savadlılığı və pozitivlik strategiyaları mövzusunda təlimlərə start verildi. Təlimlər AccessBankın Təhsil və İnkişaf şöbəsinin rəhbəri, Xəzər Universitetinin müəllimi Xumar Hüseynova tərəfindən keçirildi.
1 mayda Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin növbəti çağırışı elan olundu. Müsabiqədə 4 nəfər hər biri 2500 AZN məbləğində təqaüd qazanmaq imkanı əldə etdi.
Mayın 3-də Fond mentorluq proqramına start verdi. STEM sahəsində təqaüd qazanan 10 gənc xanım üçün mentor axtarışına çıxılaraq bilik ötürülməsi və uzunmüddətli inkişaf modeli formalaşdırıldı.
24 mayda Fondun İdarə Heyətinin üzvü Səidə Abdullayeva “SHE Congress 2025”də “Huma Quşu” Fondunu uğurla təmsil etdi.
26 mayda ADA University ilə birgə həyata keçirilən Humayın Təhsil ADAsı proqramının qalibləri müəyyən olundu – 2 nəfər hər biri 5000 AZN məbləğində təqaüdlə mükafatlandırıldı.
27 iyulda Fond üzvləri və tələbələrlə birlikdə keçirilən Əyani Yay Görüşü səmimi atmosferi, mentorluq müzakirələri və Humaya dair xatirələrlə yadda qaldı.
4 avqustda Humayın “Xəyaldan gerçəyə” müsabiqəsinin növbəti qalibləri elan edildi. 61 müraciətdən 42-si texniki mərhələni keçdi, 15 nəfər intervüyə dəvət olundu, nəticədə 5 qalib hər biri 2500 AZN təqaüd qazandı.
19 avqustda Fondun Himayəçilik Şurasının iclası keçirildi və ilin sonuna qədər həyata keçiriləcək layihələr müzakirə olundu.
Payız aylarında Fondun fəaliyyəti media platformalarında geniş işıqlandırıldı: NARGIS jurnalı, 525-ci qəzet, Azərtac İnformasiya Agentliyi, eləcə də “Belə-belə işlər” platformasında Fond haqqında xüsusi materiallar yayımlandı.
17 oktyabrda Londonda əslən Azərbaycandan olan iki istedadlı musiqiçi – Sabina Rakçeyeva və Günel Mirzəyevanın ifasında Humay Quliyevanın xatirəsinə həsr olunmuş xeyriyyə konserti keçirildi və bu, Fondun beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisəyə çevrildi.
Oktyabrın sonlarında “Huma Quşu” Təhsilə Yardım Fondunun Azərbaycan Tibb Universitetində (ATU) təqdimat mərasimi keçirildi. Tədbirdə ATU-nun professor-müəllim və tələbə heyəti, eləcə də media təmsilçiləri iştirak etdi.
Noyabrın 12-də “Huma Quşu” ailəsinin Əyani payız görüşü baş tutdu. Bu görüş səmimi söhbətlər, ideyalar və motivasiya dolu müzakirələrlə yadda qaldı.
16 noyabrda ilin ən yaddaqalan tədbirlərindən biri – “Səsimiz Səsindir, Humay” adlı xeyriyyə gecəsi baş tutdu. Gecə çərçivəsində toplanan vəsait Fondun təhsil proqramlarına yönəldildi və tədbir ictimai rezonans doğurdu.
27 noyabrda Bakı Avropa Liseyinin həyətində Humay Quliyevanın xatirəsinə Sakura ağacı əkildi. Bu mərasim Fondla Lisey arasında əməkdaşlığın mənəvi davamı oldu.
İlin sonuna doğru – 29 noyabrda Himayəçilik Şurasının növbəti görüşü keçirildi, 3 dekabrda isə “AccessBank”ın maliyyə savadlılığı layihələri çərçivəsində Fondun müxtəlif universitetlərdə təqdimatı baş tutdu.
İl ərzində Fonda xeyriyyə tədbirləri və ianələrdən 80 min manatdan çox vəsait cəlb edildi. Ümumilikdə isə Fondun 3 illik fəaliyyəti dövründə 209 min manat məbləğində vəsait müxtəlif təqaüd proqramlarına, eləcə də 45 tələbənin təhsilinə xərcləndi.
2025-ci il boyunca “Huma Quşu” Təhsilə Yardım Fondu yüzlərlə müraciətə baxdı, onlarla gəncin həyatına toxundu və Humay Quliyevanın xatirəsini təhsil, cəsarət və insanlıq dəyərləri ilə yaşatmağa davam etdi.
Bu yolda bizimlə birgə addımlayan, Fondun fəaliyyətinə inanan, ianə edən, ideya verən, dəstək olan hər kəsə sonsuz təşəkkür edirik.
İnanırıq ki, 2026-cı ildə daha çox gəncin xəyallarını gerçəyə çevirəcəyik. Humayın işığı ilə…