Xəzər Universitetinin tələbələri “Səsimiz səsindir, Humay” xeyriyyə tədbirində iştirak təəssüratlarını bölüşüblər
Xəzər Universitetinin 4 qrupundan olan 70-ə yaxın tələbə "Huma Quşu" Təhsilə Yardım Fondunun 16 noyabr 2025-ci il tarixində təşkil etdiyi “Səsimiz səsindir, Humay” adlı xeyriyyə tədbirində iştirak edib.
Tədbirdən sonra “Karyera planlaması” kursu çərçivəsində semester boyunca gördükləri işlərdən, eləcə də sözügedən xeyriyyə gecəsində iştiraklarından danışaraq aldıqları təəssüratları təqdim ediblər. Təqdimatlar zamanı tələbələr tədbirin məzmununu, təşkilati detalları və auditoriyaya ötürülmək istənilən mesajları diqqətlə müşahidə edib və dəyərləndiriblər.
Tələbələr çıxışlarında Humay Quliyevanın şəxsiyyəti və xatirəsi barədə böyük maraqla bəhs etməklə yanaşı, Fondun fəaliyyəti, musiqiçilərin yüksək səviyyəli ifaları və tədbir çərçivəsində sərgilənən rəsm əsərləri haqqında ətraflı və bir-birini tamamlayan fikirlər səsləndiriblər.
Xüsusilə sevindirici məqamlardan biri tələbələrin tədbirin məqsədini və xeyriyyəçilik missiyasını yüksək qiymətləndirmələri olub. Təqdimatlardan sonra həm Fondun cəmiyyətə verdiyi töhfə, həm də tələbələrin yüksək intellektual səviyyəsi qürur hissi ilə qarşılanıb.