“Huma Quşu” Fondunun təqaüdçüsü tələbələrə beynəlxalq imkanlardan danışıb

“Huma Quşu” Təhsilə Yardım Fondunun Humayın “Xəyaldan gerçəyə” təqaüd müsabiqəsinin qalibi Leyla Məmmədli aşağı kurs tələbələri üçün maarifləndirici təqdimatla çıxış edib.

Bakı Mühəndislik Universitetinin (BMU) İKT laboratoriyası tərəfindən təşkil olunan “BoostCamp” layihəsi çərçivəsində baş tutan görüşdə Leyla Məmmədli yerli və beynəlxalq təqaüd proqramları barədə ətraflı məlumat verib. O, bakalavr pilləsində təhsil alan tələbələr üçün mövcud olan fürsətləri və müraciət qaydalarını öz şəxsi təcrübəsi əsasında gənc həmkarları ilə bölüşüb.

Təqdimat zamanı xüsusi olaraq “Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətinə və təqaüd proqramlarına toxunulub. Leyla Məmmədli Fondun təqaüd müsabiqələrinə müraciət prosesi, seçim mərhələləri və qazandığı uğurlar barədə danışaraq, aşağı kurs tələbələrini aktiv ictimai və akademik fəaliyyətə təşviq edib.

“Huma Quşu” Təhsilə Yardım Fondu gənclərin təkcə fərdi uğurlarını deyil, həm də onların qazandıqları bilik və təcrübəni digər tələbələrlə bölüşərək cəmiyyətə fayda verməsini yüksək qiymətləndirir. Fondun missiyası təhsilə dəstək olmaqla yanaşı, bir-birinə dəstək olan savadlı və dinamik gənclər şəbəkəsinin formalaşmasına töhfə verməkdir.